SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına hələ çox var - Politoloq

Tofiq Zülfüqarov: Başa düşməliyik ki, Ermənistanın bizə qarşı ərazi iddiaları gündəmdədir, ya yox?! Sülh sazişinin əsasında bu məsələnin həlli dayanır.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Vilnüsə səfəri maraqlı açıqlamalarla yadda qalıb. Ermənistan hökumətinin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinin hələ 2020-ci ilin payızında, döyüş əməliyyatları başlayana qədər dalana dirəndiyini bildirib. Paşinyan deyib ki, Qarabağ məsələsinin arxitekturası 1998-1999-cu ildə başa çatıb. İlk növbədə, Qarabağ danışıqlar prosesindən çıxmış, bununla da, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş yeganə statusundan məhrum olmuşdu. Paşinyan İstanbul xartiyasına Ermənistanın da səs verdiyini bildirərək, bu sənədin milli azlıqların siyasi, etnik və mədəni hüquqları məsələsinin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutduğunu qeyd edib.
Ermənistan baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin onunla görüş barədə fikirlərinə də reaksiya verərək bu görüşə hazır olduğunu açıqlayıb.
Sputnik Azərbaycan Nikol Paşinyanın son açıqlamalarının mahiyyəti ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun və Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.
Tofiq Zülfüqarov Paşinyanın fikirlərinin anlaşılmaz olduğunu bildirib:

"Bu gün real situasiyada sülh müqaviləsindən danışılır, amma Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir. Bu gün masadakı delimitasiya və demarkasiya ilə bağlı məsələlər texniki xarakter daşıyır. Əsas məsələ ərazi bütövlüyünün tanınmasıdır".

Onun sözlərinə görə, Ermənistan tərəfi texniki məsələlərlə əsas məsələdən yayınmağa çalışır. Keçmiş xarici işlər naziri qeyd edib ki, Azərbaycan üçün əsas olan ərazi bütövlüyünün tanınmasıdır:

"Bu bizim üçün vacib məsələdir. Başa düşməliyik ki, bunların bizə qarşı ərazi iddiaları gündəmdədir, ya yox?! Sülh sazişinin əsasında bu məsələnin həlli dayanır".

“Tərəflərin birbaşa, vasitəçisiz təmasları nəticə verə bilərmi?” sualına cavab verən keçmiş diplomat, bunun tərəflərin mövqeyinə ciddi təsirinin olmayacağını düşünür. Onun fikrincə, tərəflərin təkbətək olaraq məsələləri həll edə biləcəyi sadəcə stereotipdir:

"Bunu ortaya atmaqla ictimaiyyətin fikrini əsas məsələdən yayındırmağa çalışırlar. Ermənistanın dövlət quruculuğu zamanı yaratdığı ideologiyadakı problemli məqam qonşu ölkələrə olan ərazi iddiaları idi. Bu onların konstitusiyasında da təsbit edilib. Onlar münasibətləri normallaşdırmaq istədiklərini deyirlər, amma bu iddialardan da əl çəkmək istəmirlər".

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın nə deməsindən asılı olmayaraq əsas məsələ ölkələrin ərazi bütövlüyünün tanınması məsələsidir. O bildirib ki, Ermənistan tərəfinin imzaladığı bütün sənədlərdə digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşması əks olunub:

"Paşinyan anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədikcə münasibətlər gərgin olaraq qalacaq. Düşünürəm ki, o, indidən Ermənistan cəmiyyətini bu prosesə hazırlayır. Amma Qarabağın Azərbaycanın tərkib hissəsi kimi Ermənistan tərəfindən tanınmasına hələ çox var".

Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyanın gözlənilən görüşü barədə də danışan politoloq qeyd edib ki, bu görüşdə mina xəritələrinin Azərbaycana verilməsi, eyni zamanda erməni diversantların qaytarılması ilə bağlı məsələlər müzakirə edilə bilər:

"Ancaq sərhədlərin müəyyənləşməsi və ərazi bütövlüyünün tanınması sonrakı mərhələlərdə ola biləcək proseslərdir. Çünki Paşinyan bunu istəsə də, müxtəlif güclərin təzyiqi altında buna gedə bilmir. Ona görə də, o, istəsə belə, bu gün Azərbaycanla sülh sazişi imzalaya bilməyəcək".