AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin regional vitse-prezidenti ilə görüşüb

Səfər Mehdiyev, ötən illər ərzində adı çəkilən şirkətlə gömrük orqanları arasında mövcud əlaqələrdən də məmnunluqla söhbət açıb.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 5-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, Səfər Mehdiyev müstəqil Azərbaycanın yeni neft strategiyasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və dövlətçilik tarixində xüsusi yer tutduğunu, bu strategiyanın bu gün də uğurla icra edildiyini vurğulayıb.
Tarixə "Əsrin müqaviləsi" kimi daxil olan sazişin imzalanmasından sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin həyata keçirilməsində BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü qeyd edən Səfər Mehdiyev, ötən illər ərzində adı çəkilən şirkətlə gömrük orqanları arasında mövcud əlaqələrdən də məmnunluqla söhbət açıb.
Komitə sədri bu sahədə gömrük orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlardan bəhs edən Səfər Mehdiyev, dövlət başçısının təşəbbüsü ilə tətbiq olunan yeniliklər hesabına gömrük işinin bütün sahələrində mühüm nailiyyətlər əldə olunduğunu, sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradıldığını və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırıldığını diqqətə çatdırıb.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan əlaqələri, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.
Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan qonaq gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.