CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd nəfərin ölümünə səbəb olan futbol klubu prezidentinin məhkəməsi təxirə salınıb

Hakim bildirib ki, qanuna görə, ittiham aktı hazırlıq iclasından azı bir həftə əvvəl təqsirləndirilən şəxsə təqdim olunmalıdır.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda elan olunub ki, ittiham aktı təqsirləndirilən şəxsə 2 gün əvvəl verilib. Hakim bildirib ki, qanuna görə, ittiham aktı hazırlıq iclasından azı bir həftə əvvəl təqsirləndirilən şəxsə təqdim olunmalıdır. Hakim bu əsasla prosesi təxirə salıb.
İclas oktyabrın 12-nə təyin olunub.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi "Range Rover" və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Onu da qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93"-də satış müdiri vəzifəsində çalışıb və "Əlincə" futbol klubunun prezidenti olub.
E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.