SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri birgə bəyanatla çıxış ediblər

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı olduğu qeyd ediblər.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə nüdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bəyanatla mətbuatda çıxış ediblər.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub. Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir, birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyini bildirib.
Gürcüstanın müdafiə naziri cənab C.Burçuladze keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu ölkənin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.
Türkiyənin milli müdafiə naziri cənab H.Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
***
15:09
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlanıb.
Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Sonda danışıqların yekununa dair protokol imzalanıb.
***
12:09
Azərbaycan və Gürcüstan arasında hərbi sahədə saziş imzalanıb
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşü olub.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, görüşdə iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, bu münasibətlərin daha da dərinləşməsinin vacibliyi vurğulanıb.
Görüşün sonunda iki ölkə arasında müdafiə sahəsində əmədaşlıq planı imzalanıb.