TƏHSİL

Təhsil naziri övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz müəllimləri təbrik edib

Təhsil naziri Emin Əmrullayev "Twitter" hesabından 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilverənləri təbrik edib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilverənləri təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, nazir özünün "Twitter" hesabında bunları yazıb:
"Əziz müəllimimiz,
Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!
Beynəlxalq Müəllimlər Gününüz mübarək!"
Qeyd edək ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.
Həmin vaxtdan başlayaraq hər il 5 oktyabr tarixi Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsilin inkişafındakı roluna diqqət çəkməyi nəzərdə tutulub.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd edilir.