QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident Cəbrayıl əməliyyatının müharibənin sonrakı gedişindəki əhəmiyyətindən danışıb

Azərbaycan lideri vurğulayıb ki, Cəbrayıl əməliyyatı ordumuza əlavə güc, inam verib və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra edib.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra bizim digər o vaxt işğal altında olan rayonlara uğurlu addımlarımız mümkün olmuşdu.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı xatırladıb ki, Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı, Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. "Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik və bir daha demək istəyirəm, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu", - deyə Azərbaycan Prezidenti bildirib.
İlham Əliyev qeyd edib ki, oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq.
"Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident qeyd edib ki, bir il bundan əvvəlki dövrə qayıdaraq qələbəmizin əzəmətini bir daha görürük: "Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirməkdən, bütün işğal edilmiş torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir ilin keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur".