SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan İlham Əliyevlə istənilən vaxt və istənilən yerdə görüşməyə hazırdır

Ermənistan Baş naziri bildirib ki, potensial görüşlə bağlı yeganə məhdudiyyət onun üçüncü ölkənin ərazisində keçirilməsidir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, onun Azərbaycan Prezidenti İlham Əliyevlə nəzərdə tutulan görüşü ilə bağlı yer və vaxt məhdudiyyəti yoxdur. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
"Görüşün keçirilməsi üçün vaxt və yer məhdudiyyəti yoxdur, belə ki, ATƏT-in Minsk Qrupunun bu cür görüşlərin təşkili ilə bağlı təcrübəsi var. Yeganə məntiqi məhdudiyyət ondan ibarətdir ki, görüş üçüncü ölkənin ərazisində keçirilməlidir", – deyə Paşinyan bazar ertəsi günü Vilnüsdə litvalı həmkarı İnqrid Şimonite ilə müştərək mətbuat konfransında bəyan edib.
Mətbuat konfransından videokadrlar Ermənistanın "Armenpress" dövlət agentliyinin saytında yayımlanıb.
Paşinyan əvvəllər də Azərbaycan rəhbərliyi ilə görüşə hazır olduğunu bəyan etdiyini bildirib.
Qeyd edək ki, sentyabrın 28-i Azərbaycan Prezidenti İlham Əliyev "France-24" televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməyə hazırdır:
"Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq".