İQTİSADİYYAT

Bank maliyyə hesabatını hər hansı şəxsin müraciəti əsasında pulsuz təqdim edəcək

Ekspert: bankın vəziyyətindən asılı olmayaraq bir vətəndaşın bir bankda 100 min manatadək əmanətinin sığortası mövcuddur.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim edəcək. Bu məsələ "Banklar haqqında" qanunun 45-ci maddəsinə (Maliyyə hesabatlarının təqdim olunması və dərc edilməsi) təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihə Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Dəyişikliyi Sputnik Azərbaycan-a şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bundan öncə bankların internet saytlarında illik hesabatlarını yerləşdirməsi ilə bağlı Mərkəzi Bankın tələbi var idi. Bankların əksəriyyəti bu tələbə riayət edir, bəziləri isə hərdən etmirlər. İndi bunun qanun səviyyəsində olması daha yaxşıdır. Qanunun hüquqi qüvvəsi Mərkəzi Bankın tələbindən daha yüksəkdir.

“Vətəndaş banka əmanət qoyan zaman bu illik hesabatlara ehtiyacı olurmu?” sualına ekspert belə cavab verib: "Vətəndaşın banka əmanət yerləşdirməsi üçün bu hesabatın elə də rolu yoxdur, çünki əmanətlərin sığortalanması sistemi var. Bankın vəziyyətindən asılı olmayaraq bir vətəndaşın bir bankda 100 min manatadək əmanətinin sığortası mövcuddur. O baxımdan bu hesabatlar adi vətəndaş üçün yox, sahibkarlar və şirkətlər üçün vacibdir. Çünki adi vətəndaşın, bundan başqa, fərdi sahibkarların da 20 minədək əmanətinin sığortası mövcuddur".

"Rüblük hesabatları əksər banklar vaxtında internet saytlarına yerləşdirmirlər. Bu, illik hesabata aid deyil. Burada şəffaflıq problemi də var, amma bu, bütün banklara aid deyil. Bir sıra banklar tələblərə riayət edirlər, bu məsələdə şəffaf və dürüstdürlər", - deyə o əlavə edib.
Qeyd edək ki, digər bir dəyişikliyə əsasən "Banklar haqqında" qanunun 43-cü maddəsi aşağıdakı redaksiyada veriləcək:
Bank və xarici bankın yerli filialı maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edir. Banklarda və xarici bankın yerli filiallarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Bankların mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu qanuna və "Mühasibat uçotu haqqında" qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.