RUSİYA

Rusiyada koronavirusun qarşısını ala bilən elektromaqnit cihaz hazırlayıblar

Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Elektromaqnit şüalanma vasitəsinin köməyi ilə virusları, o cümlədən COVID-19-u zəiflədən və qarşısını ala bilən cihazı Rusiya Federasiyası sənaye və ticarət nazirinin müavini Vasili Şpak təqdim edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"Bu cihaz "Tor" adlanır. Qurğunun dünyada analoqu yoxdur... Öz şüalanması ilə insan üçün tamamilə zərərsiz olan bu aparatın radiasiyası smartfonlarınızdan gələn radiasiyadan beşqat zəifdir və onun cəmi 15 dəqiqə işləməsi insana gün ərzində koronavirus infeksiyasından qorunmanı təmin edə bilir", - deyə Şpak bildirib.
O əlavə edib ki, 12 gün əvvəl "Roszdravnadzor"dan qeydiyyat şəhadətnaməsi alan cihaz yeni bir inkişafdır.
Konsernin saytında bildirilir ki, "Tor" qurğusu "Qranit" konserninin elmi mərkəzinin yüksək texnologiyalı məhsuludur. Cihazın işləmə prinsipi "SARS-CoV-2"nin RNT-sinin yaydığı spektrə qarşı antidot dalğasının yönəldilməsindən ibarətdir. Bu dalğalı üsul koronavirusun qarşısını uğurla alır. Bu üsul Moskva Fizika və Texnologiya İnstitutunun professoru, hərbi və tibbi elektronika sahəsində mütəxəssis olan akademik Nikolay Devyatkovun elmi məktəbinin araşdırmalarına əsaslanır.
Konsernin qeyd etdiyi kimi, tibb müəssisələrində "Tor" cihazının istifadəsinin nəticələri xəstəxanaya yerləşdirilmiş koronaviruslu xəstələrdə beşinci gün ərzində xəstəliyin inkişafını göstərən İgM antitellərin titrlərinin neqativləşdiyini və COVID-19-a yoluxan xəstələrin xəstəxanadan buraxılması dinamikasının 2-ci həftədən 3-cü həftəyə qədər 30-50% artdığını göstərir.
Qurğu mənfi 20-dən müsbət 40 dərəcəyə qədər dəyişən temperaturda işləyir, enerji istifadəsi baxımından qənaətcildir - cihazın gücü 80 vattdır, yığcam və daşımada rahatdır - qablaşdırılmadan çəkisi 8,5 kq-dır.