BAKI, 3 oktyabr - Sputnik. Əlcəzairlə Fransa arasında diplomatik qalmaqal böyüməkdədir. Nəticə olaraq Əlcəzairin hava məkanı Fransanın hərbi təyyarələrinin üzünə bağlanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Figaro qəzeti yazır.
"Figaro-nun məlumatına görə, Fransa "Barxan" əməliyyatında Malinin şimalına uçmaq üçün etdiyi kimi, daha Əlcəzair ərazisindən uça bilməyəcək", - qəzet qeyd edir.
Bildirilir ki, Fransa Baş Qərargahı bu vəziyyətdən bazar günü səhərçağı hali olub. Uçuş planlarını doldurarkən fransalı hərbçilərə məlum olub ki, Əlcəzair öz ərazisi üzərindən uçuşa razılıq göndərməyib. Ancaq bu barədə fransızlara heç bir rəsmi bildiriş gəlməyib.
Sputnik Azərbaycan-a daxil olan məlumata görə, Əlcəzair Fransadakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb. Əlcəzair Prezidenti Əbdülməcid Tebbun səfirin Parisdən çağırılmasına Fransa Prezidenti Emmanuel Makronun "məsuliyyətsiz" çıxışından sonra qərar verildiyini, ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu bildirib.
Şənbə günü Makron Le Monde qəzetinə müsahibəsində deyib ki, Əlcəzairin "tamamilə yenidən yazılmış rəsmi tarixi var".
"Bu sözlər Fransa istilasına qarşı qəhrəmancasına müqavimət göstərən, eləcə də şanlı Milli Azadlıq İnqilabında canlarını qurban vermiş 5.630.000 cəsur şəhidin xatirəsinə dözülməz təhqirdir", - Əlcəzair Prezidenti Makronun çıxışını dəyərləndirərkən deyib.
Tebbun həmçinin Makronu insanların yandırılması, kəndlərin dağıdılması, təkrarlanan soyqırımlar kimi dəhşətləri pərdələməkdə ittiham edib.