BAKI, 3 oktyabr - Sputnik. Kanadanın Monreal şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli CTV News telekanalı məlumat yayıb.
"Mənə ərə gələrsən?" banneri daşıyan Cessna 172 tipli təyyarə "Osheaga Get Together" musiqi festivalının keçirildiyi yerdən bir qədər aralıda yerə çırpılıb.
"Təəssüf ki, hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə xəstəxanaya çatdırılıb", - polisdən bildirilib.
Qeyd olunur ki, təyyarə banner reklamı ilə məşğul olan Publicite Aerogram şirkətinə məxsusdur. Həmçinin məlumatlara görə, həmin təyyarə 2006-cı ildə Park Avenyuda qəza enişi edib.
Bir neçə saat öncə isə Milandan Sardiniyaya uçan təyyarə qəzaya uğrayıb. Pilot və beş sərnişini həlak olublar.