HADİSƏ

Bir əsrdən çox yaşı olan ağaclar küləyə dözməyib aşdı, kəndlilərin yolu kəsildi

Yevlaxın Əkşəm kəndində irigövdəli ağacların təhlükə yaratma dərəcəsi yerli ekoloqlar tərəfindən araşdırılır.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Qovaq ağacı isti iqlimi ilə seçilən rayonlarda daha çox əkilir. Uca boyu, uzunömürlü olması ilə seçilən ağacların əlverişsiz xüsusuiyyəti var - güclü küləyə tab gətirə bilmir. Yevlax rayonu ərazisində belə nəhəng qovaqlar çoxdur. Son günlər havaların dəyişkən, küləkli, yağışlı olması Aran rayonlarında fəsadsız ötüşməyib. Sputnik Azərbaycan xəbər verir ki, Yevlaxın Əkşəm kəndi ərazisində iri qovaq ağacları aşaraq sakinlərin təsərrüfatlarına gediş-gəliş yolunu bağlayıb.
Yevlaxın Əkşəm kəndində aşmış irigövdəli ağaclar
Kəndin yaxınlığında yerləşən obyektdə gözətçi işləyən Yəhya İdrisov Sputnik Azərbaycan-a bildirib ki, iri gövdəli ağaclardan biri də başqa cavan ağacların üstünə aşıb.
Yevlaxın Əkşəm kəndində aşmış irigövdəli ağaclar
“Bu nəhəng ağacları Əkşəm kəndindən olan Sahib kişi əkib. Bura yayda çox sərin olur, Mingəçevir-Xaldan yolu ilə hərəkətdə olan əksər insanlar burada dayanıb yol yorğunluqlarını çıxarırlar. Amma külək əsəndə çox təhlükəli olur, mən buradan hərəkət edənlərə deyirəm ki, ağacların altında durmasınlar. Son günlər əsən güclü külək iri budaqları qırdı, onlar da düşdü yola. Sakinlərin gediş-gəlişi çətinləşdi. Bura traktor yoludur, ot gətirirlər, mal-qara aparırlar. Nəhəng ağacların yola düşən budaqları çox böyükdür. Qovağın biri də aşıb yaşıl ağacların üstünə, onları məhv edir. Qırılıb yola düşən budağın bir hissəsi qalıb, gecələr şaqqıltısından burada dura bilmirəm. Hər dəqiqə qorxuludur, hər an aşa bilər", - gözətçi bildirir.
Yevlaxın Əkşəm kəndində aşmış irigövdəli ağaclar
Qeyd edək ki, aidiyyəti qurumlar əraziyə baxış keçiriblər, fəsadların aradan qaldırılmasına başlanıb. Həmçinin ərazidə bir neçə irigövdəli ağacın təhlükə yaratma dərəcəsi yerli ekoloqlar tərəfindən araşdırılır.
Yevlaxın Əkşəm kəndində aşmış irigövdəli ağaclar