BAKI, 3 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi türkdilli dövlətləri 3 Oktyabr - Türkdilli Ölkələrin Əməkdaşlıq Günü münasibətilə təbrik edib.
"3 Oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür. Bütün türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik!" - Azərbaycan XİN-in Twitter-dəki paylaşımında deyilir.
Öz növbəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev də türkdilli ölkələri təbrik edib.
Amreyev təbrikində qeyd edib ki, türk dünyasının birliyi vacib uğurlar, ilk növbədə Azərbaycan ərazilərinin işğaldan azad olunaraq ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması ilə daha da güclənib.
"44 günlük Vətən müharibəsi zamanı Türk Şurası bütün üzvləri adından var qüvvəsi ilə Azərbaycanın haqq savaşını dəstəklədi, qələbə ilə bitən sonluğu isə bütün ölkələrimiz üçün fəxr mənbəyi oldu", - təbrikdə deyilir.
Amreyev vurğulayıb ki, 2020-2021-ci illər türk dünyası üçün uğurlu olub.