TƏHLİL

Azad edilmiş Suqovuşan bu gün: erməni vəhşiliyi ürək ağrıdır, bayrağımız qürur verir

44 günlük Vətən müharibəsi başlandığı ilk gündən Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurdu. Düşmənin 30 ildə qurduğu istehkamları yararaq xilaskar ordumuz irəlilədi və torpaqlarımızı işğaldan azad etdi.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Otuz il yolumuzu gözləyən və yağı tapdağı altında qalan yurd yerlərimizdən biri də Talış və Suqovuşan idi. Vətən müharibəsinin ilk günlərində cəbhənin Tərtər və Ağdərə istiqamətində də düşmən təxribatına qarşılıq olaraq, ona ağır və sarsıdıcı zərbələr endirildi. Nəhayət, döyüşün yeddinci günündə Suqovuşan və Talış kəndləri düşmən tapdağından azad edildi. Ötən il oktyabrın 3-də, məhz bu gün ordumuzun Talış və Suqovuşanla bağlı qələbə xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevdən aldıq. Müjdəni dövlət başçısı öz Twitter hesabında paylaşım edərək bildirdi.
“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Suqovuşanda
Dövlət başçısı dərhal Suqovuşanın tarixi adını bərpa etdi. Madagizi “Suqovuşan” adlandırdı. İndi doğma sakinlərinə qucaq açan bu yurd düşmən tapdağında olarkən bədnam ermənilər tərəfindən adı dəyişdirilib Madagiz qoyulmuşdu. Coğrafi üstünlüklərə malik olan Suqovuşan kəndinin sakinləri isə Azərbaycanın ayrı-ayrı bölgələrinə səpələnmişdilər.
İllərdir torpaq həsrəti ilə yaşayan Qurban Hümbətov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində tezliklə öz ata-baba yurduna qayıdaraq, ömrünün qalan hissəsini Suqovuşanda yaşamaq istədiyini bildirir.
“1991-ci ildə oradan çıxdıq, Suqovuşandan. Sonra bu müharibələr düşdü. 28 il idi ki, biz köçkün kimi yaşayırdıq. Çox şükür ki, indi azaddır. Bu gün sevincimizin həddi-hüdudu yoxdur - göz açdığımız torpağımızı yenidən gördük. Atam-anam, özüm orada doğulmuşuq. Orada məktəbə getmişəm. Bizimçün ora müqəddəs yerdir. Suqovuşan azad ediləndən sonra getdik tapdıq evimizi. Ermənilər onu dağıtsalar da, heç olmasa torpağımızın azad edildiyi üçün şad olduq. Allah Ali Baş Komandanımızın, əsgərlərimizin canlarını sağ eləsin!”, - Q.Hümbətov deyir.
Elçin Hümbətov Suqovuşan sakini
Tərtərdə müvəqqəti məskunlaşan Hümbətovlar ailəsi indi o torpaqlarda yaşayacaqları günü səbirsizliklə gözləyir. Elçin Hümbətov deyir ki, Suqovuşandan çıxanda 20 yaşı olub: "Uşaqlıq dövrümüz orada keçib. İndi bu arxamızda gördüyünüz dağlarda çox gəzmişik. Suqovuşanın azad olunma xəbərin eşidəndə çox sevindik. Elə bilirdim, yuxudayam. Deyirdim, birdən yuxudan ayılaram, gerçək olmaz. Amma bu, reallıq idi - ordumuz Suqovuşanı işğaldan azad eləmişdi. Biz elə həmin gündən getmək istəyirdik. Ancaq təhlükəsizlik qaydalarına görə bizi buraxmadılar. Ancaq sonradan biz getdik oraya, baxdıq. Köhnə uşaqlıq xatirələrimiz yada düşdü”.
Suqovuşanda
Suqovuşan sakinləri doğma ata-baba yurdlarına döndüklərinə görə Ali Baş Komandana, Müzəffər Ordumuza, şəhidlətimizə, qazilərimizə minnətdardırlar.
Suqovuşanda
Hər iki müsahibimiz ermənilərin suqovuşanlıların yurdunu viran etməsi faktını dilə gətirir. Elçin Hümbətov deyir ki, ata-baba yurdlarında gördükləri mənzərə onları dəhşətə salıb.
Suqovuşanda
“Getdik, məktəbimizi tapdıq. Təəssüf ki, bir hissəsi qalıb ancaq. Ermənilər məktəbin bir qismini hərbi hissəyə çevirmişdilər. O halda idi ki, həmən tapa bilmədik. Gəzib-dolaşıb relyefi yada salandan sonra anladıq ki, köhnə məktəbimizdir.
Bulaqlar bizə keçən günlərimizi xatırlatdı. Ermənilər çalışıblar ki, bizim izimizi silsinlər. Azərbaycanlılar yaşayan evlərin hamısını dağıdıblar. Dağıtmadıqlarını da pis hala salıblar ki, tanıyan olmasın. Hətta ağacı da kəsiblər, daşı da, bulağı da yox ediblər ki, guya burada heç kim olmayıb.
Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına olub bu iş. Onların valideynlərinə təşəkkür edirik. Ömrü boyu biz onların övladlarına borcluyuq”, - E.Hümbətov deyir.
Suqovuşanda
İndi ermənilərin viranə qoyduğu Azərbaycanın işğaldan azad edilən bölgələrində Prezident İlham Əliyevin göstərişi ilə abadlıq-quruculuq işləri gedir. Ən qürurvericisi odur ki, onlarla Vətən oğlunun həyatını itirdiyi Suqovuşanda bu gün Azərbaycan bayrağı dalğalanır. Suqovuşanın işğaldan azad olunması isə bir elin yurd haqqına qovuşmasıdırsa, həm də canlarını Vətən torpaqları uğrunda qurban verən Azərbaycan övladlarının düşməndən alınan qisasıdır. Ruhunuz şad olsun, qəhrəman Vətən oğulları!