MƏDƏNİYYƏT

Xanım yazarın monopyesi ölkəmizi Türkiyədə beynəlxalq festivalda təmsil edəcək

Əsərin müəllifi jurnalist Ülviyyə Heydərovanın sözlərinə görə, tamaşa küçəyə atılmış itin aqibətindən bəhs edir.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbəkir şəhərində "II SoloFest – Keçmişdən bu günə hekayə ənənəsi" Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, festivalda ölkəmizi Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Pələng" monopyesi təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru və plastik həlli aktrisa-rejissor Səbinə Məmmədzadəyə məxsusdur. Pələng rolunun ifaçısı Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyevadır. Əsərin müəllifi jurnalist Ülviyyə Heydərovanın sözlərinə görə, tamaşa "Pələng" adlı, küçəyə atılmış itin aqibətindən bəhs edir: "Əsərin qəhrəmanı evin yeni sahibi tərəfindən uzun illər yaşadığı yerdən qovulmuş "Pələng" adlı itdir. O, tənha qalır. Bütün yol boyu köhnə sahibini və onun xanımı ilə xoşbəxt günlərini xatırlayır, vəfalı it xatirələrin işığında sahibinin məzarını ziyarət edir".
Yazıçı-dramaturq əsərin yazılma tarixindən bəhs etdi: "2018-ci ilin oktyabr ayı idi. Ustadım Ramiz Fətəliyev Dramaturgiya laboratoriyasında bütün tələbələrinə belə bir tapşırıq verdi: itin dilindən monoloq yazmaq. Hamı kimi mən də yazdım. Adını "Pələng" qoydum. Yazanda hekayə məni o qədər özünə çəkdi, cəlb elədi ki, düşündüm, əsəri elə ustadıma ithaf edim. Çünki o, belə bir tapşırıq verməsəydi, heç bu əsər də olmazdı".
Heydərova əlavə edib ki, sözügedən monopyes bundan öncə Moskvada, "Dramaturgiya kafedrası- XXI əsr" ("Кафедра драматургии - XXI век") tərəfindən tamaşaya qoyulub. "İlkin hadisə - XXI əsr" Beynəlxalq Müstəqil Müasir Dramaturgiya Müsabiqəsində "Yalnız artist" nominasiyasının geniş siyahısına daxil edilib.