DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tikanlı məftillər üzərindən Amerika əsgərlərinə verilən əfqan körpə haradadır?

Dünya mediasını diqqətini üzərinə cəmləyən əfqanıstanlı yenidoğulmuş körpə hazırda ABŞ-da yaşayır.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Taliban* rejiminin Əfqansıtanda hakimiyyəti ələ keçirməsindən sonra qısa müddətdə ölkədə böyük bir köç hərəkatı başlandı. Onlar arasında öləcəklərinə rəğmən təyyarənin qanadlarına qalxaraq Əfqanıstanı tərk etmək istəyənlər də vardı. Böyük bir insanlıq dramının yaşandığı dövrdə yenidoğulmuş körpə qız uşağının tikanlı məftillər arasından amerikalı hərbçilərə verilməsi anı dünya mediasının diqqətindən yayınmadı. Həmin körpənin aqibəti bütün dünya mediasının diqqət mərkəzindədir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hazırda həmin körpə ailəsi ilə birgə ABŞ-ın Arizona ştatında yaşayır.
ABŞ hərbçilərinin tərcüməçisi olan əfqanıstanlı Hameed yaşadıqları çətin günlərdən, mübarizələrindən danışarkən deyib ki, övladı bir müddətdir dünyaya gəlsə də, onu görə bilmirdi:
"Taliban* hakimiyyəti ələ keçirtdiyi vaxtda amerikalı əsgərlərlə birgə hava limanında qalırdıq. Təxliyə günü xəbər tutdum ki, yoldaşım qızımı götürərək hava limanına gəlib. Lakin Taliban* hərbçiləri onun şəxsiyyət vəsiqəsini və digər sənədlərini ələ keçirərək yoldaşımın qaçmasına maneə yaradıblar".
Hameedin sözlərinə görə, həyat yoldaşı saatlarla körpə qızı ilə birgə qaçmaq üçün mübarizə aparıb:
"Əslində yoldaşımın bu mübarizədə qalib gələcəyini heç düşünməmişdim. Düşünürdüm ki, Taliban* ya önları öldürəcək, ya da yaralanacaqlar. Çarəsiz qalaraq amerikalı hərbçilərə dedim ki, qızımı götürsünlər. Onlar mənə tikanlı məftillərin uşağa müəyyən xəsarət yetirə biləcəyini dedilər. Qızımın ölməyindənsə yaralanmasına razı oldum. Beləcə, övladımı Taliban*ın əlindən xilas etmək üçün onu tikanlı məftillərin arasından amerikalı hərbçilərə verdim. Qızıma ilk dəfə elə onda toxundum və ilk dəfə onda qucağıma aldım",
Körpə ABŞ-da mülaicə olunduqdan sonra ailəsinə geri qaytarılıb.
Qeyd edək ki, körpənin atası Hameed hazırda qızı və həyat yoldaşı ilə birgə ABŞ-ın Arizona ştatında yaşayır.
*Rusiya və digər ölkələrdə qadağan edilmiş terror qruplaşması