Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 75 illiyi ilə əlaqədar olaraq keçirilən “Azadi Ka Amrit Mahotsav” adlı bayram tədbirləri çərçivəsində Mahatma Qandinin doğum gününün 152-ci ildönümünü qeyd etmək üçün oktyabrın 2-də tədbir təşkil edib.
Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı alimləri, o cümlədən ADU-nun prorektoru, doktor Jalə Qəribova, Hindistan diasporunun üzvləri, media nümayəndələri və Hindistanın Azərbaycandakı dostları iştirak edib.
Tədbirin əvvəlində Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən hazırlanmış “Yugpurush Mahatma’s Mahatma” adlı sənədli film və beynəlxalq aləmdə tanınmış natiq Dr. Şobhana Radhakrişnanın təqdimatında “Mahatma Qandinin həqiqət, qeyri-zorakılıq və sülh yolunda qlobal səyləri” adlı virtual çıxışı canlı yayımlanıb.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Mahatma Qandinin həyat və nəsihətlərindən danışıb və onların müasir dünyada da aktual olduğunu vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri Bədirxan Əhmədov Mahatma Qandinin həyat və fəlsəfəsindən danışıb, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının professoru Orxan Nəbiyev isə “Fədakarlıq və qeyri-zorakılıq Qandinin fəlsəfəsi və həyatının əsas fəziləti kimi” mövzusunda çıxış edib.
Tədbirdə, həmçinin hindistanlı uşaqlar və azərbaycanlı sənətkarlar Mahatma Qandi ilə bağlı mövzularda çıxış ediblər.