BAKI, 2 oktyabr — Sputnik. Əl Oyunları Sarayında Milli Kitab Sərgi-Yarmarkası açılıb.
Sərgidə Azərbaycan, türk, rus, ingilis, fransız və başqa dillərdə 50 mindən artıq yeni kitab nümayiş olunur.
Kitab sərgi-yarmarkasında qonaqları yazıçılarla görüş, yeni kitabların təqdimatı, naşirlər, kitab blogerləri ilə sessiyalar, musiqili proqramlar, yaradıcılıq gecələri, poeziya saatları və bu sahə ilə bağlı başqa maraqlı tədbirlər gözləyir.
Eləcə də, sərgi çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin əl işləri və rəssamların əsərlərindən ibarət satış yarmarkası da təşkil olunub. Yarmarkada müxtəlif oyunlar, oyuncaqlar, dəftərxana ləvazimatları, dərs vəsaitləri satışa çıxarılıb.
Milli Kitab Sərgi-Yarmarkası oktyabrın 10-na kimi davam edəcək.