AZƏRBAYCAN XƏBƏRLƏRİ

DİN xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq etdi: bank kartlarındakı pulu çəkirlər

Vətəndaşlara tövsiyə edilir ki, tanımadıqları şəxslərə bank kart məlumatlarını ötürməsinlər, çünki banklara müştərinin kart məlumatları lazım deyil.
Sputnik
BAKI, 2 oktyabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Facebook səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, "Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa...." deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.
Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil".
Xatırladaq ki, son günlər bir neçə şəxs qarşılaşdıqları bu cür hallarla bağlı banklara və hüquq-mühafizə orqanlarına müraciət edib.