DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mixeil Saakaşvilinin Gürcüstanda saxlanılması - təfərrüat

Gürcüstanın üçüncü prezidenti artıq Rustavidəki penitensiar müəssisəyə göndərilib.
Sputnik
BAKI, 1 oktyabr - Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, heç vaxt Mixeil Saakaşvilini əfv etməyəcək.
"Çoxları soruşurlar ki, prezident Mixeil Saakaşvilini əfv edəcəkmi, cavabım sadə və qətidir: yox və heç vaxt. Çünki mən heç vaxt İrina Enukidzenin, eləcə də ədalət gözləyən digər insanların gözlərini unutmayacam", - Zurabişvili xüsusi mətbuat konfransında deyib.
İrina Enukidze "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin anası idi. Qirqvlianinin 2006-cı ilin yanvarında Gürcüstan XİN-in yüksək rütbəli işçiləri tərəfindən öldürüldüyü deyilir. Enukidze 2008-ci ildə uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, oğlunun ölümündə məmurların günahkar olduğunu iddia edirdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişəndə onun iddiasını təsdiq etdilər. Saakaşvili Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərinin aşılması maddəsi ilə üç illik azadlıqdan məhrum etmə cəzası alıb.
"Bu gün dövlət sərhədini pozmaqla ölkə ərazisinə soxulub və dövlət hüquq-mühafizə strukturlarının nüfuzuna xələl gətirməyə çalışıb. Xarici partnyorların çoxsaylı xahişlərinə və məsləhətlərinə rəğmən, qanun qələbə çalacaq", - Zurabişvili əlavə edib.
Bu arada Saakaşvilinin Rustavi həbsxanasına gətirildiyi iddia olunan görüntülər də yayılıb.
Bir qədər sonra Gürcüstan DİN polislərin qolunu qandalladıqları, gülümsəyən Saakaşvilinin videosunu paylaşıb.
Gürcüstanın Baş Prokurorluğu Saakaşviliyə qarşı daha bir cinayət işi açıb - dövlət sərhədini qanunsuz keçdiyinə görə (Gürcüstan CM-nin 344-cü maddəsi). Bu maddə beş il müddətinə azadlıqdan məhrum edilməni nəzərdə tutur.
Saakaşvilinin saxlanılması ərəfəsində başqa maraqlı məqamlar da üzə çıxıb.
Gürcüstanın üçüncü prezidentinin rəsmi həyat yoldaşı Sandra Rulofs Facebook-da oniu dəstəkləyən paylaşımlar edib.
Ancaq bəlli olub ki, Saakaşvilinin artıq yeni arvadı var.
"Biz Liza ilə qərara gəldik ki, hər kəsə birlikdə olduğumuzu bəyan edək. Yeni həyata başlayır, yeni ailə qururuq", - Liza Yaskonun paylaşdığı videoda Saakaşvili deyir.
Kadrlar M.Saakaşvili Gürcüstana gəlmədən öncə çəkilib.
Sandra Rulofs Niderland vətəndaşıdır. Saakaşvili ilə nikahdan iki oğulları doğulub.
Yelizaveta Yasko politoloq, mədəniyət məsələləri üzrə ekspert, Ukrayna Ali Radasının IX çağırış deputatıdır.
-----------
19.56
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili cümə günü axşam xüsusi brifinqdə deyib.
"Bildirmək istəyirəm ki, Gürcüstanın üçüncü prezidenti, axtarışda olan Mixeil Saakaşvili saxlanılıb və artıq penitensiar müəssisəyə göndərilib", - Qaribaşvili deyib.
O qeyd edib ki, Gürcüstanın hüquq-mühafizə orqanları Saakaşvilinin Ukraynadan Gürcüstanadək olan yerdəyişməsi barədə ilkin informasiyaya malik idilər, proses tam onların nəzarəti altında idi.
"Müvafiq tədbirlər görülürdü, idarələr birgə işləyirdilər, onun həbsinə təsir edə biləcək amillərin azaldılması üçün uyğun vaxt və yer seçilmişdi", - Qaribaşvili deyib.
Saakaşvili saxlanılmazdan öncə sosial şəbəkələrdə Gürcüstan sakinlərinə müraciət yayıb. O deyib ki, gürcü xalqına kömək etməyə gəlib və onları qorxmamağa səsləyib.
"Böyük ehtimalla indi məni Tbilisidə saxlayacaqlar. Ancaq demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçkiyə qatılın. Öz səsinizi verin və biz oktyabrın 3-də birlikdə bayramımızı qeyd edək. Gəldim ki, sizə kömək edəm, başqa seçimimiz yox idi. Heç nədən qorxmuram və sizi də qorxmamağa səsləyirəm", - Saakaşvili Facebook səhifəsində paylaşdığı videomüraciətdə deyib.