HADİSƏ

Koronavirusdan dünyasını dəyişən müğənni son mənzilə yola salınıb

Səyyad Əlizadə bir müddət öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmiş və EKMO cihazına qoşulmuşdu. Mərkəzi Gömrük Hospitalında S.Əlizadə süni komaya salınmışdı. Sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Müğənni Səyyad Əlizadə dəfn olunub. Sputnik Azərbaycan xəbər verir ki, S.Əlizadə anadan olduğu Füzuli rayonunun Babı kəndində torpağa tapşırılıb. Qeyd edək ki, bir müddət öncə koronavirusa yoluxan müğənni dünən axşam saatlarında yerləşdirildiyi Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.
Koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmiş və EKMO cihazına qoşulmuşdu. Mərkəzi Gömrük Hospitalında S.Əlizadə süni komaya salınmışdı. Sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.
Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib.
Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib.
S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.