BAKI, 1 oktyabr — Sputnik. San-Paulu Federal Universitetinin braziliyalı alimləri tədqiqat nəticəsində belə qənaətə gəliblər ki, koronavirus infeksiyası zamanı "ACE2" zülalı yox olur ki, bu da qan filtrasiyasının pozulmasına və böyrəklərin zədələnməsinə səbəb olur.
Üstəlik, bunun nəticələri bərpa olunmaya bilər. Bu barədə çərşənbə günü, sentyabrın 29-da "Frontiers in Physiology"ə istinadən "EurekAlert!" jurnalında məlumat verilib.
"Tədqiqatlar və sistematik araşdırmalar COVID-19 xəstələrində böyrəklərin kəskin zədələnməsi hallarının 20-40% həddə olduğunu təsdiqləyib. Dərc olunan məlumatlar göstərib ki, onlarda sağalma daha yavaş baş verir, bəzi hallarda isə dializ tələb edən fəsadlar da yaranır", - deyə məqalə müəlliflərindən biri Nayara Azinheyra Nobreqa Krus bildirib.
Alimlərin fikrincə, virus böyrəklərdəki damarları xeyli daraldır, nəticədə bu orqan əvvəlkindən daha pis fəaliyyət göstərir. Bundan əlavə, koronavirus infeksiyası zamanı kəskin və uzunmüddətli xəstəliklər də baş verə bilər.
Mütəxəssislər ABŞ-da tibbi statistikanın məlumatlarına istinadən bildirirlər ki, COVID-19-dan sağalanlar arasında infeksiyadan sonra altı ay ərzində böyrəklərdə kəskin zədələnmə riski infeksiyaya məruz qalmayan xəstələrlə müqayisədə 23% çox olur.
Avqustun 26-da həkim-nefroloq Anna Korobkina COVID-19-dan sonra böyrəklərdə baş verən ağırlaşmaların qarşısını necə almaq barədə məsləhətləri açıqlayıb. O qeyd edib ki, infeksiya hüceyrəyə daxil olmaq üçün reseptor kimi istifadə olunan "ACE2" fermentinin mövcud olduğu bütün daxili orqanlara hücum edir. Onun sözlərinə görə, böyrəklərdə bu reseptorların sayı iki dəfə çox olduğu üçün böyrəklərin viral invaziya riski daha yüksək olur.
Sentyabrın 4-də ABŞ alimləri COVID-19-un təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər. Onlar COVID-19 xəstəsi olan 89 min insanı araşdırıblar. Tədqiqatlar alimləri koronaviruslu xəstələrin orqanlarının onilliklər ərzində "yaşlana" biləcəyi fikrinə gətirib çıxarıb. Mütəxəssislər orta hesabla 30-40 yaşlarında sağlam bir yetkinin hər il böyrək funksiyasının itirilməsinin təxminən yüzdə bir olduğunu təsbit edib. Eyni zamanda, ciddi yoluxucu xəstəliklər bu orqanın zədələnməsini gücləndirə və ya hətta geri dönməz nəticələrə səbəb ola bilər.