BAKI, 1 oktyabr — Sputnik. Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən “Nəsillərin görüşü” adlı konfransın iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıblar.
Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:
“Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin hərbi-siyasi rəhbərliyinizlə aparılan və böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir səhifə açıb, sadəcə erməni işğalı nəticəsində itirilmiş torpaqlarımızı deyil, həm də xalqımızın ləyaqətini, milli qürur və özünəinam hissini tam bərpa edib. Lakin 8 Noyabr zəfəri yalnız Azərbaycan və onun sərhədləri ilə məhdudlaşmır. 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub edən, onun hərbi potensialına ölümcül zərbə vuran Azərbaycan, bununla bütün regionu hədəf alan faşizm təhlükəsini də ortadan qaldırıb, ümumilikdə bəşəriyyət və ümumdünya sivilizasiyasına böyük töhfə verib. II Dünya müharibəsinin nəticəsində olduğu kimi, 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün bütün dünya işğaldan azad edilən torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklərə baxaraq dövlətimizin necə qorxunc ümumbəşəri bəlaya qarşı mübarizə apardığını dərk etməli, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin qlobal önəmini anlamalıdır.
30 ilə yaxın müddətdə Azərbaycan münaqişənin danışıqlar yolu ilə həlli üçün danışıqlarda səbirlə iştirak etdi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar heç bir nəticə vermədi. Münaqişə Sizin və Azərbaycan xalqının qəti iradəsi nəticəsində həll edildiyi halda, həmsədrlərin yenidən “danışıqlardan” bəhs etmələri gülünc və utancvericidir.
Cənab Prezident! Sizin müharibədən öncə və müharibə zamanı diplomatik görüş və beynəlxalq tribunalardakı çıxışlarınızda, o cümlədən dünyanın nüfuzlu media orqanlarına müsahibələrinizdə işğalçı Ermənistan və onun hərbi cinayətləri haqqında səsləndirdiyiniz fikirlər erməni faşizminin ifşa edilməsində, onun ideoloji əsaslarının sarsıdılmasında mühüm rol oynayıb. Müharibə və post-müharibə dönəminin təhlili göstərir ki, Azərbaycan Ermənistanı sadəcə hərbi platformada deyil, informasiya və diplomatiya müstəvilərində də tam məğlub edib, onu mənəvi-ideoloji cəbhədə də böyük itkilərlə üz-üzə qoyub.
Cənab Ali Baş Komandan! Sizin cəsarət və qətiyyətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində artıq torpaqlarımız işğaldan azad olunub. Siz faşist Ermənistan hərbi işğalından azad edilən rayonlarımızı yenidən dirçəltməyi, orada həyatı yenidən bərpa etməyi, Qarabağı dünyanın cənnət guşələrindən birinə çevirməyi əsas hədəflərdən biri kimi müəyyən etmisiniz. Biz konfrans iştirakçıları olaraq bəyan edirik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bu ali, müqəddəs missiyanın uğurla yerinə yetirilməsində iştirak etməyə, doğma Qarabağımızın dirçəlişi prosesinə öz töhfəsini verməyə hazırıq və veteranlarımız bugünə qədər olduğu kimi bundan sonra da Sizin çağırışlarınızı dəstəkləməkdə, bu çağırışların praktiki baxımdan gerçəkləşməsində yaxından iştirak edəcək. Əsla unutmayacağıq ki, bundan sonra qazandığımız hər bir uğura görə Vətən müharibəsindəki tarixi zəfərimizə, bu zəfərin baş memarı olan Sizə və ordumuza borcluyuq!
Biz bundan sonra qalib və müzəffər xalq kimi yaşayacağıq.
Yaşasın qüdrətli ordunun müzəffər Ali Baş Komandanı! Yaşasın bu böyük zəfəri bizə bəxş edən şanlı Azərbaycan ordusu! Yaşasın qalib Azərbaycan xalqı!”