BAKI, 30 sentyabr — Sputnik. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün sentyabrın 30-dan 4 oktyabr saat 23:59‑dək internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Nəzərinizə çatdırırıq ki, "Rezidentura" jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.
Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2020-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent" satış köşklərindən almaq və ya saytdan sifariş etmək olar.
Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.