QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Qarabağın hava qapısı”nın açılışı nə vaxt olacaq?

Deputat bildirir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrin daha genişləndirilməsinə imkan verəcək.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Füzuli Hava Limanında tamamlanma işləri aparılır və yaxın vaxtlar rəsmi açılışı olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
Deputat qeyd edib ki, cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edilib və artıq uçuşları qəbul edə bilir: "Bu ilin may ayında Füzuli Hava Limanının inşaatı ilə tanış olan zaman çoxlarımız üçün sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi, bəlkə də bir arzu kimi görünürdü. Artıq beynəlxalq hava limanında tamamlanma işləri aparılır və yaxın vaxtlar rəsmi açılışı olacaq. Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrin daha da genişləndirilməsinə imkan verəcək.
Qeyd edək ki, bu ilin sentyabrın 5-də Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib. Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib. Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunmuşdur. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatmışdır. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib. Hava limanında beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur.
Bu, Qarabağımızın Azərbaycan iqtisadi reinteqrasiyası baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.