CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağda sülh və inkişafın qorunması üçün investisiyalar" tədbiri keçiriləcək

Tədbirdə Azərbaycan, Türkiyə və İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, investorlar, startaplar və gənclər təşkilatları iştirak edəcək.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "OİK çərçivəsində investisiya imkanlarının genişləndirilməsinə doğru: "Qarabağda sülh və inkişafın qorunması üçün investisiyalar" adı altında keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə və İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, investorlar, startaplar və gənclər təşkilatları iştirak edəcək.
Üç gün davam edəcək tədbir çərçivəsində müxtəlif mövzularda (yaşıl sənaye, qida və kənd təsərrüfatı texnologiyası, maliyyə texnologiyaları, bərpa olunan enerji, aviasiya, logistika və s.) panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq.
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı, İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunacaq.