BAKI, 30 sentyabr — Sputnik. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Bu barədə onun vəkili Tyerri Erzoq məlumat verib.
"Prezident (sabiq-red.) Sarkozi ilə elə indicə telefonla danışdım. Xahiş etdi ki, məhkəmənin hökmündən apelyasiya şikayəti verim. Mən bunu dərhal edəcəyəm", - deyə vəkil bildirib.
***
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi haqqında bir illik həbs qərarı qəbul olunub. O, 2012-ci ildə keçirilən seçki kampaniyasının malliyyələşdirilməsi zamanı nəzərdə tutulan məbləğdən artıq vəsait xərcləməkdə ittiham olunur. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
Məhkəmə hökmündən belə aydın olur ki, Sarkozi xərclərin qanunla müəyyən edilmiş həddindən xəbərdar idi, üstəlik, ona bu barədə əlavə xəbərdarlıq da edilmişdi. Bununla belə, o, seçkiqabağı mitinqləri davam etdirib.
Keçmiş prezident hökm oxunan vaxt məhkəmə zalında olmayıb və günahını qəbul etmir.
KİV-də "Bygmalion" (Seçkiqabağı kampaniyanın təbliğatı ilə məşğul PR agentliyinin adıdır - red.) adını almış məhkəmə işi ilə bağlı ümumilikdə 14 nəfər dindirilib. Məhkəmə iddiasına əsasən, Sarkozinin seçki qərargahı, artıq xərcləri ört-basdır etmək məqsədilə agentliyin təşkil etdiyi görüşlərin maliyyələşdirilməsi üçün saxta hesablardan istifadə edib.
Prokurorluq keçmiş dövlət başçısına 6 ay həbs və elə bir bu qədər də şərti iş verilməsini tələb edib. Bundan başqa, Sarkozinin 3750 avro məbləğində cərimə olunmasını istəyib.
Sarkozi cəzasını öz evində, elektron müşahidə altında çəkəcək.