DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mark Milli ABŞ-ın Əfqanıstan müharibəsində məğlub olduğunu etiraf edib

Milli vurğulayıb ki, ABŞ Əfqanıstandakı "Əl-Qaidə" terror qruplaşmasının öhdəsindən gəlib, ancaq Taliban* hərəkatının hakimiyyətə gəlişinə mane ola bilməyib.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. ABŞ ordusu, qarşısında duran vəzifələrin bir hissəsini yerinə yetirməsinə baxmayaraq, Əfqanıstandakı müharibədə məğlub olub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.
"Bu müharibə bizim üçün strateji uğursuzluq oldu. Ancaq biz onu son 20 gündə və hətta son 20 ayda itirmədik", - ABŞ Senatında keçirilən dinləmələrdə M.Milli deyib.
O, müvəffəqiyyətsizliyin səbəblərinin artıq keçmişdə qaldığını söyləyib.
Milli vurğulayıb ki, ABŞ Əfqanıstandakı "Əl-Qaidə" terror qruplaşmasının öhdəsindən gəlib, ancaq Taliban* hərəkatının hakimiyyətə gəlişinə mane ola bilməyib.
"Hamımıza aydındır ki, Əfqanıstandakı müharibə istədiyimiz kimi bitmədi: Taliblər Kabildə hakimiyyətdədirlər".
Mark Milli
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri
Onun fikrincə, ABŞ Əfqanıstanda bütün hərbi əməliyyatların uğursuzluğuna səbəb olan bir sıra səhv strateji qərarlar qəbul edib.
Dinləmələrdə bir çox konqresmen gələcəkdə eyni səhvləri təkrar etməmək üçün ABŞ ordu komandanlığını baş verənlərdən dərs almağa çağırıb. Milli və Pentaqonun rəhbəri Lloyd Ostin bunu edəcəklərinə söz veriblər.
Respublikaçı konqresmenlər Əfqanıstanın indi taliblərin hakimiyyətində olmasının əsas günahının ABŞ prezidenti Co Bayden administrasiyasında olduğunu sübut etməyə çalışıblar. Demokratik konqresmenlər, öz növbəsində, uğursuzluğa görə yalnız Baydenin deyil, son 20 ildə işləyən bütün ABŞ administrasiyalarının məsuliyyət daşıdıqlarını bildiriblər.
Bununla yanaşı, Milli və ABŞ mərkəzi komandanlığının rəhbəri Frenk Makkenzi bildiriblər ki, 2,5 min ABŞ hərbçisinin bir müddət Əfqanıstanda qalması üçün Ağ Evə məsləhət görüblər, ancaq bunu heç kim eşitməyib.
Ağ Evin nümayəndəsi Cen Psaki çərşənbə günü keçirilən brifinqdə Baydenin bu mövzuda olan fərqli fikirləri dinlədiyini və nəticədə qoşunları tamamilə Əfqanıstandan çıxarmaq qərarına gəldiyini bildirib. O, prezidentə kimin belə bir məsləhət verdiyini dəqiq açıqlamayıb.
ABŞ administrasiyası ümumiyyətlə Əfqanıstanda baş verənləri məğlubiyyət kimi adlandırmamağa çalışır: adətən, rəsmilər bildiriblər ki, əsas məqsəd - "Əl-Qaidə" qarşı mübarizə yerinə yetirilib və buna görə də qoşunların Əfqanıstan ərazisində saxlanılmasının mənası yox idi.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı