BAKI, 30 sentyabr — Sputnik. Bakıda "Landau School" özəl məktəbinin həyətində yaranan insidentlə bağlı araşdırma başlayıb. Yayılan görüntülərdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görünür. Hadisə "Landau School"-un Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən filialında baş verib. DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: "Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək".
Sputnik Azərbaycan məsələ ilə bağlı "Landau School"-un Səbail rayonun Bayıl qəsəbəsində yerləşən filialı ilə əlaqə saxlayıb. Məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, hadisənin baş verməsinə səbəb valideynin məktəbə kartsız daxil olmaq cəhdi olub: "Bizim məktəbdə şagirdlə yanaşı, içəri daxil olmaq üçün valideynin də kartı olmalıdır. Həmin valideyn içəri kartsız daxil olmaq istəyib. Bu zaman mühafizəçi ilə aralarında mübahisə yaranıb. Amma artıq onlar üzr istəyib barışıblar".