BAKI, 30 sentyabr — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub.
Bu barədə Sputnik Ermənistan ölkənin hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Qeyd olunub ki, Yerevan məhkəməsi keçmiş nazirlə bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.
Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.
Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.
Ötən gün mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb.
Ölkə prezidenti Armen Sarkisyanın sərəncamı ilə David Tonoyan 2020-ci ilin noyabr 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.
Qeyd edək ki, David Tonoyan öz ordusu ilə birlikdə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda gedən 44 günlük müharibədə məğlub olub. Buna görə, Ermənistanda ciddi qınaq obyektinə çevrilib.
Azərbaycan David Tonoyanın Tərtərdə mülki əhalini bombalamaq barədə qərar verdiyinə görə, cinayət məsuliyyəti daşıdığını və cavab verməli olduğunu bəyan edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə deyib:
"Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı".
Hacıyevin sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir.