BAKI, 30 sentyabr — Sputnik. Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1 861 nəfər 600 və daha yuxarı bal toplayıb. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 247 nəfər işğaldan azad edilən rayonlara aid məktəblərin məzunlarıdır.
Qeyd olunub ki, ümumilikdə ali təhsil müəssisələrinə qəbul olan məcburi köçkünlərin sayı daimi artım tempinə malik olub: "Son 20 ilin göstəricilərinə baxsaq, 2001-ci ildə ali məktəblərə qəbul olunan məcburi köçkünlərin sayı 856 nəfər idisə, 2011-ci ildə bu göstərici 2512, bu il isə 6029 nəfərə çatıb. Yüksək bal toplayan abituriyentlər, demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edirlər. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 1069 nəfər olub.
Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 640 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 196 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 617 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 408 nəfər olub".