BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.
Sputnik Azərbaycan xəbər verir ki, işlər planına "Lombardlar haqqında", "Ali təhsil haqqında", "Qida təhlükəsizliyi haqqında", "Reproduktiv sağlamlıq haqqında", "Hərbi qulluqçuların statusu haqqında", Turizm haqqında", “Qeyri-maddi mədəni irsin qorunması haqqında” və digər qanun layihələri daxil edilib.
Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.
Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclası keçirilir və gündəliyə 15 məsələ daxil edilib.