BAKI, 30 sentyabr — Sputnik. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, dinləmələr Azərbaycanın tələbi ilə bağlıdır.
Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək. Yəni bəzi hakimlər dinləmələrdə şəxsən iştirak edəcək, digərləri isə videobağlantı vasitəsi ilə əlaqə saxlayacaqlar. Tərəflərin nümayəndələri dinləmələrdə ya şəxsən, ya da videobağlantı ilə iştirak edə bilər.
Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Azərbaycan tərəfi bəyan edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.