BAKI, 30 sentyabr - Sputnik. Avropa Şurası Parlament Assambleyasının sessiyasında “Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri” adlı hesabat dinlənilib və qəbul edilib. Azərbaycan və Türkiyənin nümayəndə heyətləri hesabatın əleyhinə səs veriblər.
Bu hesabatı Azərbaycan üçün qərəzli edən məqamlar hansılardır?
Sputnik Azərbaycan mövzu ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədlinin və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Professor Sabir Məmmədli bildirib ki, AŞPA bu cür hesabatları hazırlayarkən Azərbaycanı qınaq obyektinə çevirməyə çalışır. O qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanı qınadıqları halda, Ermənistanın təqdim etdiyi mina xəritələrinin doğruluğunun 25 faiz olmasını diqqətdən kənar qoyurlar: “Azərbaycanda hərbi əsir yoxdur, saxlanılan şəxslər də 10 noyabr bəyanatından sonra ələ keçirilmiş terrorçulardır. Avropa dövlətləri müharibə başa çatdıqdan sonra hələ də Ermənistanı 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərdə mədəni, etnik, dini zorakılıq əməllərinə görə qınağa tutmayıblar. Biz obyektiv yanaşma gözləyirik”.
Politoloq İlyas Hüseynov isə düşünür ki, adəçəkilən hesabat tamamilə qərəzlidir. Onun fikrincə, bu hesabat erməni lobbisinin diktəsi altında hazırlanıb: “Orada olan müddəalar bunu deməyə əsas verir. Hesabatda “Dağlıq Qarabağ” ifadəsi yer alıb. Halbuki Azərbaycan ərazisində bu cür ərazi vahidi yoxdur. Görünür ki, AŞPA parlamentariləri erməni tərəfinin tezisləri ilə hərəkət edirlər”.
Politoloq qeyd edib ki, bu cür hesabatların qarşısının alınması mütləq xarakter daşıyır. O hesab edir ki, AŞPA-da Azərbaycanı təmsil edənlərin fəallığının artırılmasına ehtiyac var: “Bu cür hesabatlar mütəmadi xarakter alarsa, Azərbaycanın diplomatik cəbhədə məğlubiyyəti ilə nəticələnə bilər. Bu baxımdan belə halların qarşısının alınması önəmlidir. Belə hesabatlar münaqişənin yenidən alovlanmasına, gərginliyin artmasına səbəb ola biləcək adımlardandır”.