TƏHSİL

Yeni dərs ilində xeyli yeniliklər olacaq

Təhsil nazirinin müvafiq əmrinin icrası istiqamətində yeni tədris ilində atılacaq bütün addımlarla bağlı fəaliyyət istiqamətləri artıq müəyyənləşib.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Bu gündən ümumi təhsil müəssisələrinin V-XI siniflərində əyani tədrisə başlanıldı. Əyani təhsilin davamlılığını təmin etmək üçün ilk növbədə mövcud karantin rejiminin qaydaları yerinə yetirilməlidir. Pandemiya dövründə mövcud olan boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində də addımlar atılır və bu proses davam etdiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə yuxarı sinif şagirdlərinin ənənəvi təhsilə başlaması ilə bağlı 82 nömrəli tam orta məktəbdə tədris prosesinin təşkili vəziyyətilə tanış olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, müşahidələrə əsasən 82 nömrəli məktəb tam şəkildə tədris prosesinə hazırdır və şagirdlərin davamiyyəti yüksək səviyyədədir. Təhsil müəssisəsində bütün karantin rejimi qaydaları gözlənilməklə tədris prosesi davam etdirilir.
"Yeni tədris ilinin başlanması ilə bağlı həm məzmunda, həm də digər istiqamətlərdə yeni yanaşmalar var. Təhsil İdarəsi də yeni yanaşmaların tətbiq olunmasının icrası istiqamətində mütəmadi olaraq işlər görür və nəzarətdə saxlayır. Bu il ümumi təhsil məktəblərinin IX siniflərində "Zəfər tarixi"nin tədrisinə başladıq. Həmçinin Azərbaycan dilinin dövlət dili kimi tədrisi ilə bağlı tədbirlər planımız var.
Təhsil nazirinin müvafiq əmrinin icrası istiqamətində yeni tədris ilində atılacaq bütün addımlarla bağlı fəaliyyət istiqamətləri artıq müəyyənləşib. Bu istiqamətdə də keyfiyyətin artırılması, innovativ məktəb layihəsi həyata keçiriləcək. Hazırda Bakı məktəblərində 471 min 661 şagird təhsil alır. Yeni tədris ilindən BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində V-XI siniflər üzrə 244 min 54 şagird təhsil alacaq. Bu şagirdlərə 28 mindən çox müəllim təhsil verir. Çalışırıq ki, karantin qaydalarına riayət olunaraq təhsil prosesi mütəşəkkil təşkil olunsun və davam etdirilsin", - deyə M.Vəliyeva qeyd edib.
Qeyd edək ki, bu gündən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq. Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır.
Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı "2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə əsasən "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq.
2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.
Xatırladaq ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ilinə başlanılıb.