İQTİSADİYYAT

Sahibkarlarımız ixracı genişləndirirlər

"WorldFood Moscow 2021” sərgisində ixraca dair müqavilə imzalanıb. Xüsusi dadı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsulları böyük maraqla qarşılanıb.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Moskvada təşkil olunan "WorldFood Moscow 2021" beynəlxalq ərzaq sərgisi başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş olunub.
Xüsusi dadı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilə bağlayıblar. Belə ki, "Karaca Fındıq" MMC şirkəti və Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə 18 min kq qabıqlı fındıq məhsulunun ixracına dair müqavilə imzalayıb. "Ulduz" şokolad fabriki Qırğızıstan, Özbəkistan və Rusiya şirkətləri ilə ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan qənnadı məhsullarının, "Azərstar" MMC şirkəti isə Rusiya şirkəti ilə ümumi dəyəri 100 min ABŞ dolları olan qabıqlı fındıq məhsulunun ixracına dair ilkin razılıq əldə edib. Bundan başqa, Rusiya şirkəti ilə ümumi dəyəri 1 milyon ABŞ dollarınadək olan narın ixracına dair ilkin razılığa gəlinib.