CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oktyabrın 1-dən yaşı 18-dən aşağı olanlar bu yerlərə sərbəst daxil olacaqlar

Yaşı 18-dən yuxarı olan şəxslər oktyabrın 1-dən fəaliyyəti bərpa olunan yerlərə yalnız COVID-19 pasportuna sahib olduqları halda daxil ola biləcəklər.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrların saat 00:00-dək fəaliyyəti bərpa edilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompüter-oyun (PlayStation) zal və salonları da daxildir.
Bu isə o deməkdir ki, adıçəkilən sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Yaşı 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə "Əks Göstəriş" sertifikatı ilə daxil ola bilərlər.
Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi kompüter-oyun (PlayStation) zalı və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
Qeyd edək ki, COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.