BAKI, 29 sentyabr — Sputnik. Rusiya Mərkəzi Seçki Komissiyasının qətnamə layihəsinə əsasən, Sergey Şoyqu, Sergey Lavrov, Yelena Şmelyova və Denis Protsenko deputat mandatını qəbul etməyib.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Sənəddə federal seçki dairəsindən seçilən Dövlət Dumasının millət vəkillərinin federal siyahısına Anna Kuznetsovanın başçılıq etdiyi qeyd olunur. O, ana və uşaqlar, eləcə də ailələrə dövlət dəstəyi məsələlərinə nəzarət edəcək. "Vahid Rusiya"-nın ilk beşliyində olan digər siyasətçilər və ictimai xadimlərin adı sözügedən siyahıda yoxdur.
Prezidentin mətbuat katibi Dmitri Peskovun RİA Novosti-yə verdiyi xəbərə görə, Lavrov və Şoqyu seçki kampaniyasından sonra Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbəri kimi öz vəzifələrində qalacaqlar.
Bir qədər əvvəl "Vahid Rusiya" partiyasının üzvlərindən olan "Ermitaj"-ın baş direktoru Mixail Piotrovski də deputat kreslosundan imtina edib. O, partiyanın Sankt -Peterburq üzrə federal siyahıdakı ərazi qrupuna rəhbərlik edirdi.
Bununla yanaşı, "Vahid Rusiya" partiyasının Dövlət Dumasındakı deputat mandatından bır sıra bölgə rəhbərləri də imtina ediblər.
Eləcə də, Prezidentin Ural federal dairəsindəki nümayəndəsi Vladimir Yakuşev və Krasnodar regional xəstəxanasının baş həkimi Vladimir Porxanov da öz vəzifələrində qalmağa üstünlük veriblər.
"Ədalətli Rusiya - Həqiqət Naminə" partiyasının həmsədri Zaxar Prilepin keçən həftə bəyan etmişdi ki, Dövlət Dumasındakı yerini "ən qısa zamanda" Nijni Novqorod regional qrupuna rəhbərlik edən Dmitri Kuznetsova təhvil vermək niyyətindədir. Bununla belə, MSK-dan qeyd ediblər ki, Prilepinin adı mandat alanların siyahısındadır.
Kommunistlərdən Oryol vilayətinin qubernatoru Andrey Klıçkov mandatdan imtina edib.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, "Vahid Rusiya" Dövlət Dumasına keçirilən seçkilərdə 324, Rusiya Kommunist Partiyası - 57, "Ədalətli Rusiya – "Həqiqət Naminə" - 27, LDPR - 21, "Yeni İnsanlar" – 13 yer qazana bilib. Təkmandatlı seçki dairələri üzrə parlamentin aşağı palatasına beş müstəqil namizəd və "İnkişaf", "Vətən" və "Vətəndaş Platforması"nın hər birindən bir namizəd yer qazana bilib.