TƏHSİL

Emin Əmrullayev: dərslikləri dəyişmək üçün daha çox vaxt lazımdır

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu artıq peyvənd olunublar. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki, vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil.
Sputnik
Sentyabrın 29-dan Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də istər təhsilalanlar, istərsə də təhsilverənlər, daha geniş ictimaiyyət, valideynlərlə münasibətdə qarşıda olan çağırışlara cavab verə biləcəyik.
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, ən əsası təhsilalanların keyfiyyətli şəkildə tədrisini təşkil edə bilməkdir:

"Builki tədris ili əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir. Bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir ki, açılır. Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var".

"Bildiyiniz kimi bu tədris ili Zəfər ili elan olunub. Bununla bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirməyi düşünürük. Zəfər tariximizə həsr olunan ümumrespublika müsabiqəsini qeyd etməliyik. Müsabiqənin qalibləri Zəfər günündə elan ediləcək. Bundan başqa, biz məktəblərdə “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik. Bu, dərsdənkənar olacaq, ayrıca bir fənn şəklində tədris olunmayacaq. Artıq lazımi materiallar məktəblərə göndərilib", - Emin Əmrullayev bildirib.
Daha sonra müəllimlərin vaksinasiyası məsələsinə toxunan nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu artıq peyvənd olunublar:
"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki, vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.