VİDEO

Beş min il yaşı olan qədim kənd: Nədən burada otuzdan çox qəbiristanlıq var?

Bu kəndin 5 min ildən çox yaşı var, lakin onu maraqlı edən təkcə bu deyil. Sündü Azərbaycanın yeganə kəndidir ki, burada otuzdan çox qəbiristanlıq var. Ətraflı videomuzda.
Sputnik
Sündü kəndi Qobustanın mərkəzindən 16 km aralıda, rayonun şimali-qərb hissəsində olan dağlıq və qayalıq ərazidə yerləşir. Bəlkə də Sündü Azərbaycanın yeganə kəndidir ki, burada otuzdan artıq qəbiristanlıq mövcuddur, amma görünür bunun da öz səbəbləri var. Bir vaxtlar kənd ərazisində 36 qəbiristanlıq olsa da, hazırda onların sayı 32-dir. Kəndin mərkəzində olan qəbiristanlıqların yaşının qədim dövrə (İslamdan əvvəlki dövrə) təsadüf etdiyini, kəndin kənarında olan qəbiristanlıqların isə sonrakı dövrlərə aid olduğunu deyən Sündü kənd sakini, Əməkdar tarix müəllimi İdris Alcanov bir kənddə 30-dan çox qəbiristanlığın olmasının səbəblərini kəndin tarixinin qədim olması ilə əlaqələndirir.
Sündü kənd sakini Ziya Məlikov isə müsahibəsində bildirib: ”Kəndimiz turizm baxımından da çox böyük əhəmiyyət kəsb edir. Bura tez-tez yerli və xarici turistlər də gəlirlər. Kəndimizdə hal hazırda 35 bulaq, 36 qəbiristanlıq və mağaralar eləcə də şəlalələr, "Ağlayan bulaq" adlandırılan əraziyə ekiskursiyalar təşkil olunur. Kəndin çox da böyük olmayan küçələrində hərəkət etdikcə yolun sağ və sol tərəfində böyük daşlardan ibarət olan qəbirlər, fərqli üslubda inşa edilən evlər, hasar daşları kəndin qədimliyini bələdçisiz də göstərir.”
Xatırladaq ki, Sündü kənd sakini polkovnik-leytenant Şikarov Şikar Şükür oğlu 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülüb.