BAKI, 29 sentyabr — Sputnik. Taliban* hərəkatı ABŞ-ı Əfqanıstanın hava sərhədlərini pozmaqda günahlandırıb. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Taliblər çərşənbə günü yaydığı bəyanatda "hər hansı bir mənfi nəticənin qarşısını almaq üçün ABŞ başda olmaqla, bütün ölkələri Əfqanıstana beynəlxalq hüquqlar, qanunlar və öhdəliklər baxımından, qarşılıqlı hörmət və öhdəliklərlə yanaşmağa" çağırıblar.
"Bu yaxınlarda Amerikanın pilotsuz təyyarələri Əfqanıstanın müqəddəs hava məkanına zorla girərkən ABŞ-ın İslam Əmirliyi (Taliblərin hökuməti) qarşısında bütün beynəlxalq hüquqları, qanunları və öhdəlikləri pozduğunu gördük. Bu pozuntuların qarşısı alınmalıdır", - deyə bəyanatda bildirilir.
Sənəddə həmçinin qeyd olunub ki, "İslam Əmirliyi Əfqanıstanın yeganə hüquqi siması olaraq ölkənin quru və hava sahəsinin qoruyucusudur".
Bəyanatda ABŞ tərəfindən Əfqanıstan hava məkanının hansı vəziyyətdə və necə pozulmasına dair konkret məlumatlar verilmir.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması