MƏDƏNİYYƏT

Hilal Baydarovun filmi dünyanın nüfuzlu festivalında iştirak edəcək

Film festivalın əsas mükafatı olan "Tokyo Grand Prix" uğrunda yarışacaq. Qeyd edək ki, builki münsiflər heyətinin rəhbəri dünyaca məşhur aktrisa İzabel Yupperdir.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Hilal Baydarovun ssenari müəllifi və rejissoru olduğu "Durna Çırağı" bədii filminin dünya premyerası nüfuzlu Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə baş tutacaq.
Sputnik Azərbaycan xəbər verir ki, film festivalın əsas mükafatı olan "Tokyo Grand Prix" uğrunda yarışacaq. Qeyd edək ki, builki münsiflər heyətinin rəhbəri dünyaca məşhur aktrisa İzabel Yupperdir.
Sözügedən filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsanova, Kamran Hüseynov rol alıblar. Filmdə səslənən musiqinin bəstəkarı Kənan Rüstəmlidir.
Festival 30 oktyabr - 8 noyabr tarixlәri arasında baş tutacaq.
Məlumat üçün bildirək ki, Baydarov kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə yayımlanan "Adsız yüksəkliklər"dir. Filmin premyerası "Monreal" film festivalında olub. Eyni ildə "Sarayevo" film festivalında "Ad günü" filmi ilə iştirak edib və "Docu Talent" mükafatını qazanıb.
CƏMİYYƏT
Azərbaycanda film dublyajı tamaşaçını qaçırır
2020-ci ildə Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya beynəlxalq film festivalında iştirak edib. Rejissorun "Xurmalar yetişən vaxt" filmi də bir sıra festivallarda uğur qazanıb. Sözügedən film 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında "Ən yaxşı sənədli film" nominasiyasında qalib olub. Bundan başqa, "Nyon Visions du Reel" Film Festivalında "Dinlərarası mükafat"a və "Münsiflər heyətinin mükafatı"na layiq görülüb. Həmin film Misirin İsmailiyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının "Ən yaxşı sənədli film" nominasiyasında mükafata layiq görülüb.