BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın peyk operatoru "Azərkosmos" 25-29 oktyabr tarixlərində Dubayda keçiriləcək 72-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, konqresin elmi proqramının həyata keçirilməsi ilə paralel olaraq aparıcı kosmik agentliklərin və texniki şirkətlərin kosmik nailiyyətlərindən ibarət beynəlxalq sərginin işi də təşkil olunacaq. "Azərkosmos"un nailiyyətləri H5-11 stendində təqdim olunacaq.
Kosmik tədqiqatların mövcud problemlərinə həsr olunan Konqres, yeni beynəlxalq kosmik layihələrin ortaya çıxmasına zəmin yaradacaq.
Xatırladaq ki, "Azərkosmos" ilə Beynəlxalq Astronavtika Federasiyası arasında bu yaxınlarda imzalanan müqaviləyə əsasən, növbəti Beynəlxalq Astronavtika Konqresi 2023-cü ildə Bakıda keçiriləcək.