Evimizə qayıdırıq: Şuşa yolundan qeydlər

Azərbaycan Ordusunun qırx dörd gün davam edən Vətən müharibəsində azad etdiyi Şuşa şəhərinə birgünlük səfərimdən təəssüratlarım. 
Sputnik
ŞUŞA, 28 sentyabr – Sputnik. Şuşa! Əfsanəvi, müqəddəs şəhər. Yəqin ki, onun adı gələndə ürəyi ehtizaza gəlməyən azərbaycanlı tapılmaz. 2020-ci il noyabrın 8-də şəhərin azad olunması xəbəri əsl bayram əhvalı yaratdı. Bu həm də müharibənin başa çatmasının və Azərbaycan Ordusunun qələbəsinin müjdəsi idi. İşğal edilmiş torpaqlarını əsarətdən qurtaran Azərbaycanın haqq savaşının bəhrəsi.
Həmin gündən bəri hər bir azərbaycanlının Şuşaya getmək üçün gün saydığını desəm, yəqin ki, yanılmaram.  Sentyabrın 27-si, Vətən müharibəsinin başladığı gün qeyd edilən Anım Günü ərəfəsində mənə də Şuşaya qədəm basmaq nəsib oldu. TÜRKSOY təşkilatının Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir sıra türkdilli ölkələrin jurnalistləri üçün təşkil etdiyi Şuşa səfərinə qatıldım.
Şuşada Cıdır düzü
Zəfər yolu ilə
“Şuşanı görəcəm!” fikri gicgahlarımda nəbz kimi atır, həm inanıram, həm də yox. İştirakçıların toplaşdığı yerə getmək üçün səhər alatoranda evdən çıxanda güclü yağışa düşdüyümdən bir qorxu basdı – pis hava səfəri təxirə sala bilər. Xoşbəxtlikdən, bu, baş vermədi.
“Bakı bizi yağışla yola salır, amma əsas odur ki, Şuşa bizi günəşli havayla qarşılasın”, - avtobuslara minəndə zarafatlaşırdıq. Səfərin ilk hissəsi sakit keçdi, kimisi yatır, kimisi kitab oxuyur, kimisi də telefonda videoya baxmaqla vaxt öldürürdü. Füzuli rayonuna çathaçatda bir canlanma, gərginlik yarandı. Müharibənin olduğu yerlər başqa məkanlardan fərqlənir. Yamyaşıl tarlaları, hələ yarpağı saralmamış ağacları dağıdılmış divarlarının arasını kol-kos basmış evlər, yanmış torpaqlar əvəzlədi.
“Bax burada bir vaxtlar Füzuli nəşriyyatı yerləşib, - Mədəniyyət Nazirliyinin əməkdaşı yarıuçuq daş divarı göstərir. – Vaxtilə burada kitablar, qəzetlər çap olunardı, indi isə yerlə yeksan olub”.
Sakitcə yolumuza davam edirik. Yol kənarıyla əraziyə daxil olmağı qadağan edən lövhələr basdırılıb – bu torpaqlar hələ də otuz illik işğal ərzində kartof kimi “əkilmiş” minlərlə minadan təmizlənir.
Şuşada binanın minalardan təmizlənməsinə dair yazı
Torpaqdan əyri-üyrü çubuqlar boy verir. “Burada üzümlüklər vardı”, - səssiz sualımıza cavab alırıq.
Nə vaxtsa cənnətə bənzəyən məkanın belə viran qaldığını görmək ürək ağrıdır. Amma yol uzandıqca buldozerlər, ekskavatorlar, tikinti texnikası gözə dəyməyə başlayır. Qızğın iş getdiyini izləyirik, tikilən Zəfər yoluna çatmışıq. Tezliklə bütün işğaldan azad olunmuş ərazilər bərpa olunacaq. Comərd Azərbaycan bərpa prosesini ən vacib olan işlərdən başlayıb – yol salır, infrastruktur qurur, kilometrlərlə uzanan işıq xətləri çəkir, artıq ərzaq mağazaları da fəaliyyətə başlayıb, Füzuli aeroportu işə düşüb.
Şuşa vüsalı
Artıq yoxuşla irəliləyirik, dolanbac yollarla qalxdıqca dərinliklərdə itən mənzərəni nəfəsimizi tutub seyr edirik – işğalın zilləti belə bu torpağın gözəlliyini məhv edə bilməyib. Şuşaya yaxınlaşdıqca, yaşıllıq da artır, ara-sıra sarı, narıncı, qırmızı çalarlar gözə dəyir – payızın nəfəsi duyulur. 
Şuşada qala divarlarına mənzərə
Nəhayət, gözlərimiz həsrətlə axtardığına qovuşur – qırmızı rəngli “Şuşa” yazısı! Şuşadayıq! Ürəyimiz ağzımızda avtobusdan düşürük, azad olunmuş şəhərin havasını təşnə ilə ciyərlərimizə çəkirik. Bu hava başqa yerlərdəkinə bənzəməz!
Şəhərin küçələrini dolaşmağa başlayırıq. Ətrafdakı dağıntılar ürək parçalayır. Atılmış, yarıuçuq evlər, ot-ələf basmış həyətlər. İşğal dövründə şəhər xarabazara çevrilib. Ürəyimdə qəzəbli suallar doğur işğalçılara qarşı: “Bəs deyirdiniz, tarixi torpağınızdır? Otuz il yaşamısınız burada! Ev sahibi özünü belə aparır məgər? Otuz il ərzində şəhərin ən yaxşı yerində özünüzə bir-iki ev tikib, qalan yerləri zibilliyə çevirmisiniz. Adam öz evində özünü belə aparmır!”
Şuşada dağıdılmış tikili
Başımı qaldıranda sanki üsyanımın təsdiqi ilə üzləşirəm - “Xarı-bülbül” mehmanxanası payız qızılgüllərinin, rahat köşklərin arasından göyə millənib. Bir az aralıda şəhərin qonaqları, inşaatçılar, qonaq gələn jurnalistlərin müvəqqəti yaşaması üçün səliqəli bina tikilib.
Əvvəl və sonra
Məscidin yanından keçirik. O da bərpa olunur. İşğalçılar buranı tövləyə çevirmişdilər. İndi təmizlənib, səliqəyə salınıb, təmir işləri bitəndə inanclı insanlar yenə məscidə toplaşıb yaradana dua-sənalarını çatdıracaqlar.
Girişdə bizi qarşılayan məşhur “Şuşa” yazısının yanına yaxınlaşırıq. Onun arxasındakı qala divarına Azərbaycan bayrağı sancılıb. Külək üçrəngli bayrağımızı tərpədib, qırışığını açdıqca ürəyimi çulğalayan qürur hissini sözlərlə çatdıra bilmirəm. Biz qayıtdıq, Şuşa! Biz səni daha güclü, daha yaraşıqlı edəcəyik! Bu illər ərzində çox əzab çəkdin. Amma artıq yetər. Bundan sonra hər şey yaxşı olacaq.
Şuşada musiqi məktəbinin dağılmış binası
Gövhər ağa məscidinə tərəf gedirəm. Yolun altındakı uçurulmuş bina diqqətimi çəkir. Ona zənlə baxdığımı görüb, yaxında duran polis işçisi deyir ki, vaxtilə musiqi məktəbi olub. “Orada uşaqlar oxuyurdular”, - deyir. Sonra da siması tutulur. İçimdən keçən sual beynimi yandırır, görəsən, şuşalıdır? Dərhal da təxmin edirəm, yəqin ki, hə.
İki minarəsi çoxdan Şuşanın rəmzinə çevrilmiş məscidə yaxınlaşıram. Başıma kəlağayı salıb, ayaqqabılarımı çıxarıb içəri daxil oluram. Pəncərələrdən parlaq işıq düşür, yumşaq xalçanın xovları topuqlarımı sığallayır. Hüzur duyğusunu interyerin qalan elementlərindən kəskin seçilən, eybəcər hala salınmış sütun dağıdır. Bir il əvvəl xarabalıq içində olan məscid bərpa edilib, indi əvvəlki halını təsəvvür etmək çətindir. Bir neçə adam namaz qılır, ürəyimdə onlara qoşulur, torpaqlarımız uğrunda canından keçən həmvətənlərimizə dua edirəm.
Şuşada Yuxarı Gövhar Ağa məscidi. Ön planda məscidin zərəçəkmiş sütünü
Cıdır düzü və güllə izləri
Bizi Cıdır düzü gözləyir. Bir il əvvəl burada olacağımı, bu gözəlliyə ayaq basacağımı heç təsəvvür də etmirdim. Uzaqda dolambac yol görünür, bizi Şuşaya gətirən yol. Bu uzun yol idi, ancaq məqsədə çatmaq üçün hər saniyəsi dəyərliydi.
Ətrafa baxanda daşların üzərində qəribə ağ ləkələr gözümə sataşır. “Güllə yerləridir”, - bizi müşayiət edən hərbçi sakitcə deyir. Əlbəttə, hərbçidir, ona adi gəlir. Daşın yanında oturub əlimi səthinə çəkirəm, canıma qəfil üşütmə gəlir. Bir il əvvəl burada baş verən hadisələrin bariz sübutu sarsıdır.
Cıdır düzündə güllə izləri olan daş
Düzənliyə artıq başqa nəzərlə baxıram. Sakitcə yoluma davam edirəm. Şair Molla Pənah Vaqifin məqbərəsini də ziyarət etmək istəyirik. Təzəcə azad edilmiş Şuşadan paylaşılan şəkillərdə bu binanın görünüşü azərbaycanlıları şoka salmışdı – işğalçılar vaxtilə göz oxşayan binadan bircə yarıuçuq divar saxlamışdılar. 
Qısa müddət ərzində Heydər Əliyev Fondu məqbərəni bərpa edərək əvvəlki əzəmətli görünüşünü qaytardı, bu yaxınlarda, əvvəlki illərdəki kimi, orada Vaqif Poeziya Günləri baş tutdu.
Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi
Məqbərənin daxili gözəlliyi adamı heyran edir. Toxunma tora bənzəyən daş divar gözəlliyi ilə kədərli fikirləri beynimdən çıxarır. Gözəllik aşiqi olan şairin xatirəsinə yaraşan da budur.
Şairdən sonra müğənninin xatirəsini yad edirik. Qarabağın Bülbülünün ev muzeyi də qısa zaman ərzində bərpa olunub. Qonaqları muzeyin direktoru Fəxrəddin Hacıbəyli şəxsən qarşılayır, hər bir eksponat haqda dərin məhəbbətlə məlumat verir. Evin həyətində iki büst ucalır – biri müharibəni görüb, işğalçıların güllələrindən deşik-deşik olub, o birini bu torpaqların əsl sahibləri quraşdırıblar.
Şuşada Bülbülün ev muzeyi
Qarabağın son şahzadəsi Xurşidbanu Natavanın evinin önündən keçirəm, pilləkənlə Üzeyir Hacıbəylinin dağıdılmış evinə qalxıram, Məşədi Qaranın evinin qalıqlarına göz gəzdirirəm – ermənilər Azərbaycanın  tarixində və mədəniyyətində əhəmiyyəti olan bütün binaları məqsədyönlü şəkildə, amansızcasına məhv ediblər.
Əbədi borc
Şəhərin divarlarında əsgərlərimiz imzalarını qoyublar, biri gözlərimi yaşardır – “Şuşa şəhidi Əzəmi Hüseynov”. Əzəmi bütün fikirlərimi çulğalayır, kim idi, görəsən, neçə yaşı vardı, ailəsi vardımı... Mümkünsüzü mümkün edən igidlərimizin misilsiz cəsarəti dillərdə dastan olub, Şuşa əməliyyatı isə bir sıra ölkələrdə hərbi dərsliklərə salınıb. Ötən il ərzində Azərbaycan Ordusunun hər bir əsgərinə minnətdarlıq hissi bizimçün artıq daimiləşib. Ömür boyu, əbədi olaraq borcluyuq onlara – həm şəhidlərə, həm qazilərə, məhz onlar ciyəri sökülmüş torpaqlarımızı, müqəddəs yerlərimizi bərpa etmək imkanı verdilər bizə.
Şuşada binanın divarında yazı - Şuşa şəhidi Əzəmi Hüseynov
Bərpa işləri isə tam miqyası ilə davam edir, şəhərin hər yanında tikinti aparılır, borular çəkilir, divarlar hörülür, gözəl Şuşa günü-gündən parlayır.
Biz gəldik, evimizdəyik, Şuşa!
Səfərimizin son dayanacağı yerli çörəkxanadır. Ailəmə və həmkarlarıma azad olunmuş Şuşadan aparacağım ən gözəl hədiyyə burada bişirilmiş çörəkdir. Bir neçə isti çörəyi qucaqlayıb, uşaqlıqdakı kimi qırağından qoparıb, xırt-xırtla yeyir, təzə bişmiş çörəyin ətrini ciyərimə çəkirəm. Gözəl Şuşamızın çörəyi! 
1 / 5
Жилое здание в Шуше
2 / 5
Разрушенное строение в Шуше
3 / 5
Разрушенное строение в Шуше
4 / 5
Жилые дома в Шуше
5 / 5
Вид на город Шуша
Gün batıb, dağ yerinin adətidir – qaranlıq qəfil çökür. Ayrılmaq istəmirik, amma Bakıya qayıtmaq lazımdır. Avtobus sükuta qərq olub, hamı təəssüratlarının, hisslərinin əhatəsində, Şuşa səfərini öz içində həzm edir. Zülmət qaranlığı yara-yara gedirik, hətta gecələr də işləyən tikinti texnikasının yolumuzu aydınladan işıqları isə elə bil bizə söz verir – tezliklə Şuşa tam bərpa olunacaq və arzusunda olan hər kəs gəlib onu görəcək.
Axı biz evdəyik, Şuşam, yenə birlikdəyik!