BAKI, 27 sentyabr — Sputnik. 27 sentyabr - Anım Günü münasibəti ilə Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin övladlarının ruhuna dualar oxunur. Bakıdakı Heydər məscidində, eyni zamanda da "Təzəpir" məscidində də anım mərasimi keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə "Təzəpir" məscidində namaz qılınıb, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib. Namazdan sonra QMİ-nin Qazılar Şurasının üzvü Hacı Faiz Nağızadə şəhidlərin ruhuna Quran oxuyub.
Bundan başqa, Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində şəhidlər yad edilir. Bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter" səhifəsində paylaşım edib.
Hazırda Kəlbəcər rayonunun Xudavəng məbədində də şəhidlərin ruhuna dualar oxunur. Alban-udin xristian icmasının sədr müavini, Xudavəng monastırının vaizi Rafik Danakarinin rəhbərliyi ilə şəhidlərin əziz xatirəsi yad edilir, ruhuna dualar oxunur.
Müqəddəs Bakirə Məryəm kilsəsində şəhidlərin xatirəsinə dualar oxunur. Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunur. Eyni zamanda, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
Xatırladaq ki, 27 sentyabr Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının ruhuna dualar oxunur.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi və bundan sonra şəhid olanların sayı 2 907 nəfərdir. 7 nəfər isə itkin düşüb.
Eləcə də oxuyun:
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür