QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətən müharibəsinin "gözəgörünməz qəhrəman"ları

Müharibə və postmüharibə dövründə könüllü olaraq əsgərlərimizə və hərbiçilərimizə yardım etmək üçün ön cəbhəyə yolan düşən fədakar həkimlərimizdən biri də Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyevdir.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi başlanan gündən – 27 sentyabrdan başlayaraq sənətindən, peşəsindən aslı olmayaqraq hər kəs öz cəbhəsində vuruşurdu. Bu sənət adamlarının içində həkimlər əsas yerlərdən birini tuturlar, desək yanılmarıq. Döyüşən əsgərimizin yanında olan, xəstə və yaralılara yardım edərkən şəhid olan həkimlərimiz də oldu.
Müharibə və postmüharibə dövründə könüllü olaraq əsgərlərimizə və hərbiçilərimizə yardım etmək üçün ön cəbhəyə yolan düşən fədakar həkimlərimizdən biri də Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyevdir. Şuşada şəraitsiz vəziyyətdə çalışan Oqtay həkimə gördükləri işlərdən, qarşılaşdıqları problemlər haqqında sual verdik. Həkim gördüyü işləri dəryada bir damla hesab edir. O, gördükləri işlər barədə danışmaq istəməsə də biz onu buna vadar etdik. Müharibə başladığı gündən ön cəbhədə çalışan həkim, kolleqalarının gördüyü işlərdən Sputnik Azərbaycan-a bəhs edərkən deyib ki, onlar müharibə başladığı gündən – sentyabrdan başlayıblar:
"Əvvəl stomatoloqlar, sonra digər sahənin həkimləri bizə qoşuldu. Öncə Gəncədə başladıq, sonra davam etdik Naftalanda və Füzuli diaqnostikada çalışdıq. Biz könüllü gəlmişik, heç kəs tərəfindən göndərilməmişik".
Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev (sağda)
Hər bir azərbaycanlı kimi onlar da 29 il idi ki, arzusunda idilər ki, müharibə başlansın, onlar da vətənə olan borcunu ödəsinlər. Arzularına çatdılar və indi onlar doğma torpaqlarımızda döyüşçülərimizin yaralarına məlhəm olmaq üçün əllərindən gələni əsirgəmirlər: "Sözümüzə də sadiq çıxdıq. Bu, bizim şərəf borcumuzdur. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı müharibə dönəmində bacardığından daha çox iş gördü. Elə ona görə də biz zəfər çaldıq. Döyüşçülərimiz həkimlərimizə güvənib döyüşə getdilər. Düşünürlər ki, yaralansalar həkimlərimiz onları ölümdən xilas edəcəklər".
Azərbaycan Tibb Universiteti Vətən müharibəsində iştirak edən və öz müqəddəs həkimlik peşələrini yerinə yetirən zaman qəhrəmancasına şəhid olan tələbələrdən ikisi Oqtay müəllimin təbəsi olub. Həmin şəhidlərin fotoları Şuşada yerləşən məntəqədə həkimlərin başı üzərində asılıb: "İki tələbəm şəhid olub - tibb xidməti leytenantı həkim Mirlətif Ağayev və Tibb xidməti leytenantı həkim Tariyel Salmanov. Onlar ön cəbhədə çalışırdılar. Onlar bizim yanımızda şəhid oldular. Onların nəşlərini işlədiyimiz hosbitaldan ailələrinə təhvil verdik".
Azərbaycan Prezidenti İlham Əliyev və Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev
Ötən ilin oktyabr ayında Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutduğu vaxt Oqtay müəllim və onun həmkarları da orada olub: "Bizdən 150 metr aralıya düşdü – biri sağımıza, biri də solumuza düşdü. Əslində mən bunlardan danışmaq istəmirəm. Çünki, bizim elədiklərimiz Ordumuzun, Xüsusi təyinatlıların yanında heç nədir. Biz sadəcə cəbhəyə yaxın olan ərazidə olmuşuq. Amma öndə onlar olub".
Qəhrəmanımız bildirir ki, müəyyən çatışmazlıqlar var, amma hər kəs əl-ələ versə, o problemləri aradan qaldırmaq olar. Müharibə dönəmindəki əhval ruhiyyəni qoruyub saxlamaq və ordunun yanında olmaq lazımdır. Yəni, "müharibə bitdi, müharibə qutardı" cümləsini unutmaq lazımdır: "Müharibə həmişə var. İnsanlarda müharibə dönəmindəki qədər olmasa da, o əhval ruhiyyə qalıb. Sadəcə hər kəs yumruq kimi birləşib, bir nöqtəyə vurmaq lazımdır. Necə ki, müharibə dönəmində hamı bir nəfər kimi ordunun yanında idi, həmin əzmi saxlamaq lazımdır. Hamı kömək etmək istəyir, amma bilmirlər necə kömək etsinlər. Biz tibb sahəsində çalışırıq ki, pərakəndəlik olmasın".
Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev
Həkimlərimiz təkcə Şuşada xidmət göstərmir, onlar Qubadlıda, Hadrudda da fəaliyyət göstərirlər. Müsahibimizin dediyinə görə, hər həkim həftədə bir dəfə həmin döyüş bölgələrində xidmət edir: Növbəyə salmışıq, buna heç kəs etiraz etmir, hamısı sevə-sevə gəlirlər. Maddi təminatı da Azərbaycan Könüllü Həkimlər Assosiasiyası həyata keçirir. Həmin büdcəni də özümüz təşkil etmişik. Öz hesabımıza lazım olan bütün tibbi avadanlıqları alırıq. Təşkilatımızın üzvlərinin sayı çoxdur, hər həkim bir problemi həll edəndə problemin sayı azalır. Müharibə olan bölgələrdə problemlərin, çatışmazlıqların olması normaldır. Lazımı infrastrukturu qurmağa zaman lazımdır. Bunun üçün də hamımız bir olmalıyıq".