BAKI, 27 sentyabr — Sputnik. Qələbəylə bitən 44 günlük savaşın başlamasıdan artıq bir il ötür. 30 ildən sonra əzəli torpaqlarımıza igidlərimiz ayaq basdı, bayraq sancdı. Onların əzmkarlığı, cəsarəti bizə Qələbə sevincini yaşatdı. Bu zəfərdə payı olanlardan biri də Ağstafa şəhər sakini Raqif Məmmədovdur.
Kəşfiyyatçı olan Raqif müharibənin ilk günlərindən döyüşə atılaraq müharibə bitənədək şanlı döyüş yolu keçib. O, tabeçiliyində olan 22 silahdaşı ilə birgə 44 gün düşmən arxasında fəaliyyət göstərib, onlarla mühim obyektlərin, bölmələrin yerini təsbit edərək məhv edilməsində əsas pay sahiblərindən olub.
2006-cı ildə həqiqi hərbi xidmətə çağırılan Raqif hərb yolunu davam etdirərək gizir rütbəsi alıb. Erməni dilində kurs keçərək bu dildə danışmağı, yazmağı öyrənib. O, 2014-cü ildə ehtiyata buraxılsa da, Tovuz döyüşlərindən sonra hərbiyə dönüb.
Vətən müharibəsi iştirakçısı Raqif Məmmədov
© Sputnik / Ilham Mustafayev
Sentyabrın 27-də isə o artıq əks-hücum tapşırığı ilə düşmənin arxasında fəaliyyətə başlayıb. İlk olaraq Fizuli istiqamətində mühim tapşırıqları yerinə yetirib. Daha sonra Şuşa istiqamətində fəaliyyət göstərib. Döyüş yolu barədə R.Məmmədov belə məlumat verib:
"Biz düşmənin arxasına keçərək məlumat toplayırdıq. Müşahidə aparırdıq. Atəş nöqtələri harda yerləşir, hansı döyüş birləşməsidi, hansı silahlardan atəş açırlar, nə qədər şəxsi heyət var. Bu məlumatları mərkəzə ötürürdük və həmin atəş nöqtələrinin susdurulması üçün koordinat verirdik".
Kəşfiyyatçı bu işləri qarşı tərəflə təmas olmadan, hissedilmədən görməli olduqlarını deyib. Lakin müharibənin hər cür gözlənilməzliklərlə zəngin olduğunu, bu səbəbdən dəfələrlə düşmənlə üz-üzə gəldiklərini, döyüşün qaçılmaz olduğunu da bildirib:
Vətən müharibəsi iştirakçısı Raqif Məmmədov
© Sputnik / Ilham Mustafayev
"Füzuli istiqamətində ağır döyüşlərimiz oldu. Ora açıqlıq olduğundan hissedilmədən müşahidə aparmaq çətin idi. Bu səbəbdən dəfələrlə minaatan atəşinə tuş gəlirdik. Yaxud hər hansı tapşırıq arxasınca gedən düşmən əsgərləri ilə qabaqlaşmalı olurduq ki, silahdan istifadə məcburiyyətə çevrilirdi. Xocavəndin Böyük Tağlar kəndində çətin günlərimiz oldu. Açıq hədəf halına gəldik. Yaralımız olsa da, şəhid vermədik. Ən çıxılmaz vəziyyətə isə Xocalının Sığnax kəndində düşdük. Hərəkətin mümkün olmadığı sıx meşədə yolu səhv gedərək mühasirəyə düşdük. Xüsusi təyinatlı qüvvələrin köməyi ilə ordan sağ çıxa bildik".
Gizir Məmmədov hər bir Azərbaycan əsgərinin bu müharibədə böyük ruh yüksəkliyi ilə əməliyyatlara qatldığını deyib:
Vətən müharibəsi iştirakçısı Raqif Məmmədov
© Sputnik / Ilham Mustafayev
"Biz sevinirdik ki, torpaqlarımızın azad olunması uğrunda döyüşə giririk. Ermənilər bizim ruh yüksəkliyimizdən qorxuya düşürdü. Bizim əsgərlərə güllə dəyirdi, yaralanırdı, amma yenə sürünüb qabağa can atırdı. Bir əsgər yoldaşımız yaralandığına görə təxliyyə olunmalı idi. Tibb briqadası gəldi. Lakin əsgər az qala həkimi öldürürdü ki, sən məni niyə aparırsan. Yaramı sarı mən yenə döyüşə girim. Ermənilər isə uzağı 15 dəqiqə açıq döyüşə girib avtomatını da atıb qaçırdı. Bizim əsgərlərin qorxmazlığı onları qorxuya salırdı".
Döyüşlərdə Raqif də xəsarətsiz ötüşməyib. Şuşa istiqamətində artilleriya mərmisinə tuş gəlib. Yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. Müharibənin son gününədək döyüş yoldaşları ilə çiyin çiyinə dayanıb:
"Noyabrın 7-də Daşaltıda yaralandım. Yaxınlığıma düşən minaatan mərmisi məni havaya qaldıraraq daşa çırpdı. Məni oradan döyüş yoldaşlarım çıxararaq ilkin tibbi yardım göstərdilər. Qulağımın pərdəsi cırılmışdı. Ayağımın sümüyü ovxalanmışdı. Təxliyə etmək istəsələr də, razı olmadım. Ayın 9-da döyüşlər səngidi. Noyabrın 11-də isə artıq müharibə qurtardıqdan sonra qospitala aparılmağıma razı oldum".
Vətən müharibəsi iştirakçısı Raqif Məmmədov hərbçi yoldaşları ilə birgə
© Sputnik / Ilham Mustafayev
Raqif Məmmədov bütün çətinliklərinə baxmayaraq, özünü xoşbəxt sayır. Bu müharibədə iştirak etməkdən qürur duyduğunu bildirir:
"Uşaqlıqdan arzum idi ki, mən Qarabaq uğrunda döyüşlərə girim. Qürur hissi keçirirəm ki, mənə bu döyüşlərdə iştirak etmək nəsib oldu. Düzdür, indi qulağımda problem var, danışığımda qüsur yaranıb, yeriməyimdə çətinlik yaranıb, lakin müalicə gedir və bunların hamısı sağalacaq. Əsas odur ki, biz bu müharibəyə girərək torpaqlarımızı azad etmək üçün əzmlə döyüşdük və qalib gəldik".
Kəşfiyyatçı gizir 44 günlük müharibədə Fizuli, Xocavənd və Şuşanın azad edilməsi uğrunda medalları ilə təltif edilib.