BAKI, 27 sentyabr — Sputnik. Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.
"Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik.
30 il ərzində bizim bütün tarixi abidələrimizi, milli sərvətlərimizi, təbii resurslarımızı talayan, dağıdan düşmənə dərs verilməli idi, yoxsa yox?! Buna baxmayaraq, müharibədən əvvəl mən dəfələrlə demişdim ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Müharibə dövründə də mən bunu dəfələrlə demişəm. Demişəm ki, Ermənistan rəhbərliyi bizə tarix versin, hansı gündə hansı torpağımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Ancaq bunu etmədilər. 44 gündən sonra - artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!
Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!" - deyə İlham Əliyev bildirib.
Eləcə də oxuyun:
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Hər kəs bu sözlərlə hesablaşacaqdır