CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otuz il təmas xəttində, qırx dörd gün atəş altında: dəhşətin ilk mülki şahidi

Vətən müharibəsinin ilk günündə yaralanan mülki şəxs Ağdamın işğal altında olmayan kəndinin dinc sakini idi. Qəlpə hələ də bədənindədir, amma onu indi tamam başqa hisslər bürüyür.
Sputnik
44 günlük Vətən müharibəsi başlayan zaman Ermənistan silahlı qüvvələri Ağdamın işğalda olmayan ərazilərini, yaşayış məntəqələrini durmadan ağır atıcı silahlardan, artilleriyadan atəşə tutdu. 44 gün ərzində rayon ərazisinə 10 minə yaxın mərmi düşdü.
Ağdamın işğalda olmayan kəndləri... O ərazilər ki, orada müharibə getmirdi və həmin ərazidə mülki əhali yaşayırdı. Düşmənsə öz çirkin əməlindən əl çəkməyərək, davamlı olaraq həmin əraziləri atəşə tuturdu. Həmin kəndlərdən biri də Mirəşellidir. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalan kəndlərdən biri idi bu kənd.
Ötən ilin məhz bu günü - 27 sentyabr səhər saat 6:30-da kəndə atılan mərmilərdən biri əkin sahəsində təsərrüfat işləri ilə məşğul olan kənd sakini Eşqin Allahyarovun yaxınlığına düşmüşdü. Partlayış nəticəsində Eşqin Allahyarov ağır bədən xəsarətləri almışdı. 
1 / 3
2 / 3
3 / 3
İndi artıq o hadisədən düz bir il ötür. Və Eşqin də artıq sağalıb. Amma o günün, o anın xatirələrini bizimlə qürur hissi ilə bölüşdüyünü deyir: “27 sentyabr səhər saat yeddinin yarısı atəş səsləri eşitdik. Mən o zaman sahədə təsərrüfat işləri ilə məşğul idim. Mərmilərin səsi gəlirdi. Ermənistanın atəşkəsi pozduğunu hiss elədik. Ordumuz da layiqli cavablarını verdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu ilə bacara bilmədiyi üçün kəndlərimizi, yaşayış məntəqələrimizi atəşə tuturdu. Və həmin vaxt mərmilərdən biri mənim yanıma düşdü. Qolumdan və qarın boşluğumdan yaralandım”. 
"O gündən düz bir il ötür. Mən o gün yaralanıb, yarımcan olsam da, həmin anı ağrı-acı ilə xatırlamıram", - müsahibimiz əlavə edir.
“Bu gün 27 sentyabrdır. Xoşbəxt günlərdən biridir ki, torpaqlarımız işğaldan azad olunub. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Onları bu gün qürurla anırıq. Xoşbəxtik ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan qovulub”, - E.Allahyarov deyir. 
Müsahibimiz qeyd edir ki, əslində 44 günlük zəfər döyüşü o dövrün dili ilə desək, bizi yağı düşmənin hədəfindən birdəfəlik xilas etdi: "Çünki biz cəbhə kəndində yaşayırdıq və ermənilər bizi öz dədə-baba torpağımızdan davamlı olaraq atəş altında saxlayırdılar, təsərrüfatlarımıza çıxa bilmirdik. Qəbiristanlığı ziyarət edəndə mənfur düşmən atəş açırdı. İmkan vermirdilər ki, gedək qəbirlərimizi ziyarət edək. Sahələrə çıxa bilmirdik. Çox vaxt gecələr gedirdik. Ermənistan silahlı qüvvələri bizi görürdü, atəş açırdı. İndi rahatlıqla gəzə bilirik. Öz rayonumuz da işğaldan azad olunub. Qürur hissi keçiririk. Bu, əlbəttə ki, Azərbaycan Ordusunun, Ali Baş Komandanımızın sayəsindədir". 
İkinci Qarabağ savaşında erməni terroru nəticəsində 12 nəfər mülki şəxs həyatını itirdi, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ancaq buna baxmayaraq, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Ağdam rayonu işğaldan azad edildi.  Baxmayaraq ki, cismində düşmənin vurduğu qəlpə yarasını daşıyır, "bütün yaralarım sağalıb" deyir müsahibimiz.
"Düşmən gülləsindən də ağır yara ata-baba yurdundan didərgin düşməyim idi. İndi Allaha şükür, yurdum-yuvam azaddır. Qoy var olsun Azərbaycan ki, indi bütövdür. Tamdır. Mən özümü indi yarasız, ağrısız hiss edirəm", - Eşqin Allahyarov deyir. 
Eləcə də oxuyun:
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Hərbçilərimiz şəhidlərimizi belə andılar
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Qırx dörd gün düşmən arxasında
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
Ali Baş Komandan: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"
Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"