BAKI, 27 sentyabr — Sputnik. General -mayor Mais Barxudarov Anım Günü münasibətilə Şuşanın Bayraq Meydanında Azərbaycan bayrağını qaldırıb. Bu barədə Prezidentin Şuşa bölgəsindəki xüsusi nümayəndəsi Aydın Kərimov şəxsi Twitter hesabında bildirib.
"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında dövlət himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər", - o vurğulayıb.
Mais Şükür oğlu Bərxudarov Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsinin Komandanlarından biridir.
O, 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. 1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir.
Baş leytenant rütbəsində olarkən Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Polkovnik rütbəsini daşıyarkən isə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl, Xocavənd, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərə atılmış, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.
Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.